Bakıda Pre-COP29 konfransı

post-img

Oktyabrın 10-da Bakıda Pre-COP29 konfransı işə başlayıb.

Heydər Əliyev Mərkəzində keçirilən tədbir “Ambisiyanı artırmaq və iqlim fəaliyyətinə təkan vermək” mövzusuna həsr olunub.

Əvvəlcə COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

Açılış mərasimində çıxış edən BMT Baş katibinin birinci müavini Amina Mohammed qlobal temperaturun 1,5 dərəcədən yuxarı artmasının astanasında olduğunu və “Milton” qasırğası kimi dəhşətli nəticələrin müşahidə edildiyini deyib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyəti müxtəlif mübarizə tədbirləri gördüyü üçün insanların hələ də ümidi var: “COP29 bu impulsu inkişaf etdirməli, ambisiya və götürülmüş öhdəlikləri real iqtisadi nəticələrə çevirməlidir”.

COP29-un müəyyən edilmiş prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, iqlim dəyişmələrinin yaratdığı problemləri sərhədlər, dar maraqlar çərçivəsində həll etmək olmaz. “Biz bir yerdə işləməli, açıq və dürüst dialoqda iştirak etməliyik. Sessiya COP29-da uğurlu danışıqların aparılması üçün təşkil olunub. Gündəlikdə duran məsələlərin əhəmiyyətini nəzərə alaraq biz mümkün qədər onları əvvəlcədən razılaşdırmalıyıq.

Milli müəyyənləşdirilmiş töhfələr sənədləri (NDC) COP29 Sədrliyinin əsas prioritet istiqamətidir. Məqsədimiz odur ki, fəaliyyətlərə və inkişaf edən ölkələrə təkan verək və problemin mahiyyətini hər kəsə çatdıraq. Məqsədlərə nail olunmasında şəffaflığı, əlçatanlığı, ədaləti təmin etməliyik. Paris Sazişinin 6-cı maddəsi üzrə işləri tamamlamaq istəyirik. Hazırda niyyətləri konkret nəticələrə çevirməli olduğumuzu düşünürük. Biz körpülər yaradırıq, lakin tələb olunan daha böyükdür”, – deyə nazir bildirib.

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri və COP28-in prezidenti Sultan Əl Cəbirin sözlərinə görə, bugünkü narahat və parçalanmış dünyada 1,5 dərəcə hədəfinə çatmaq və iqlim böhranının ön cəbhəsində olanları qorumaq üçün kollektiv səyləri ikiqat artırmaq lazımdır. “Beynəlxalq ictimaiyyət ötən il Dubayda əldə edilmiş uğuru builki COP29-da inkişaf etdirməlidir. COP29-da maliyyələşdirmə məsələləri müzakirə edilməlidir. Maliyyə ən vacib məsələdir”, – deyə COP28 prezidenti bildirib.

Maliyyənin iqlim gündəliyində ən vacib mövzulardan biri olduğunu deyən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still qeyd edib ki, COP29 həm də Paris Sazişinin 6-cı maddəsi üzrə iddialı nəticələrin əldə olunmasını təmin etməlidir.

Köməkçi icra orqanının (SBI) sədri Nabil Munir öz çıxışında artıq bütün dünyada milli töhfələrin yenilənməsi prosesinin başlandığını diqqətə çatdırıb.

Hazırda iqlim prosesləri ilə bağlı olduqca vacib mərhələdir. Hər kəsi bu sahədə daha cəsarətli addımlar atmağa çağırıram. Bu tədbir həlledici rol oynamalıdır. Düşünürəm ki, biz innovativ tərəfdaşlıqlar qurmalıyıq”, – deyə Nabil Munir əlavə edib.

Konfrans yan tədbirlərlə və plenar sessiyalarla davam edib.

Tədbir zamanı Azərbaycanla Braziliya arasında Anlaşma Memorandumu imzalanıb. “Bakıdan Belemə (B2B) İqlim Tərəfdaşlığı” üzrə Anlaşma Memorandumunu (Memorandum of Understanding on the "Baku to Belem (B2B) Climate Partnership") COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Braziliyanın Xarici İşlər Nazirliyinin İqlim, Enerji və Ətraf Mühit üzrə Katibi Andre Correa do Lago imzalayıblar.

Konfransın işinə bu gün yekun vurulacaq.

Ekologiya