Qərbə istiqamət İrəvana nə vəd edir?

post-img

Ermənistan strateji vakuuma düşə bilər

Cənubi Qafqazın geosiyasi arxitekturasında özünün mövqeyini gücləndirməyə çalışan Ermənistan yeni partnyorlar axtarışındadır. Ölkəsinin təhlükəsizliyinin təmin edilməsində Rusiyanın əzəli mövqeyinin zəiflədiyini görən Hayastan rəhbərliyi son vaxtlar daha çox Qərbi Avropa ölkələrinə, ABŞ və Hindistana meyillənməkdə israrlı görünür. Nahaq deyil ki, Fransa və Hindistan hazırda Ermənistanın ən böyük silah tədarükçüləri hesab edilirlər. Amma bu hələ İrəvanın Moskvadan tam qopmasını söyləməyə əsas vermir.

Bu gün dünyada və xüsusən də Cənubi Qafqaz regionunda baş verən yeni geosiyasi reallıqlar erməni hakim elitası qarşısında bu ölkənin xarici siyasətinin şaxələndirilməsi problemini qoyub. Bu, ilk növbədə Ermənistanın milli təhlükəsizliyi ilə bağlıdır. Çünki 2020-ci ildə Azərbaycan 44 günlük müharibədə Ermənistanı məğlub edib öz ərazilərindən çıxarandan və 2023-cü ildə antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyünü tam bərpa edəndən sonra İrəvan üçün təhlükəsizlik məsələsi daha böyük aktuallıq kəsb etməyə başladı.

Hazırda Ermənistanda yeni milli təhlükəsizlik strategiyası hazırlanır ki, onun əsas məqsədi bu sahədə digər ölkələrlə tərəfdaşlıq əlaqələrini genişləndirməkdir. Rusiya Hayastan üçün əsas müttəfiq və milli təhlükəsizliyin yeganə təminatçısı statusunu itirsə də, digər dövlətlərlə bərabər tərəfdaş kimi qalır. N.Paşinyanın qeyd etdiyi kimi, “əvvəllər müdafiə sektorunda münasibətlərimizin 95-97 faizi Rusiya ilə idi, indi isə bu, həm obyektiv, həm də subyektiv səbəblərdən mümkün deyil”.

Son hadisələr göstərir ki, Ermənistan daha çox Azərbaycanla sülh müqaviləsini müxtəlif bəhanələrlə uzadaraq, revanşizmə hazırlaşır və Cənubi Qafqazda yeni müharibəni alovlandırıb güc nümayiş etdirmək niyyətindədir. Qərbin və xüsusilə ABŞ və Fransanın dəstəyindən, hətta dövlət səviyyəsində silahlı və maliyyə yardımlarından ruhlanan Ermənistan rəhbərliyi bunu açıq etiraf etməsə də, istiqamət götürdüyü yolun sonunda yeni dağıdıcı müharibəyə rəvac verir.

Ermənistan XİN rəhbəri A.Mirzoyan hazırda ölkənin əsas tərəfdaşlarının Avropa İttifaqı (Aİ) və ABŞ olduğunu gizlətmir. “Baş diplomat” bununla bərabər xarici siyasətdə hər hansı “dönüş”dən söhbət getmədiyini, sadəcə olaraq İrəvanın ölkənin təhlükəsizliyini və inkişafını təmin etməyə çalışdığını və Qərbdə yaxşı tərəfdaşları” olduğunu deyir.

Qərbin bu “yaxşı tərəfdaşlar”ından ən yaxını isə erməni diasporunun böyük nüfuza malik olduğu Fransadır. “Xoruzlar ölkəsi”nin Ermənistana ən çox silah tədarük edən Aİ dövləti olması da təəccüblü deyil. 2023-cü ildə iki ölkə arasında silah tədarükü və hərbi yardım haqqında saziş bağlanıb. Bura həm təmənnasız yardım, həm də uzunmüddətli kommersiya müqavilələri daxildir.

Fransadan başqa Ermənistanın Böyük Britaniya, Yunanıstan və Kiprlə də müdafiə sahəsində əməkdaşlıq proqramları var. Ermənistan rəhbərliyi ABŞ-nin hərbi-texniki yardımına da ümid bəsləyir, lakin burada işlər hələ ki, bu cür qarşılıqlı fəaliyyətin mümkünlüyünü müzakirə etməkdən uzağa getmir.

Bununla belə, reallıqda Ermənistanın əsas silah tədarükçüləri qeyri-Avropa ölkələridir. Hazırda Hindistan Ermənistana silah satışında 1-ci yerdədir. 2023-cü ilin sentyabrında iki ölkə arasında 254 milyon dollar dəyərində silah tədarükü üçün müqavilə bağlanıb.

Regionda sülhün və sabitliyin bərqərar olmasında hamıdan çox maraqlı olan Azərbaycan dövləti Ermənistanın silahlanma ilə bağlı planlarından narahat olmaya bilməz. Bunun üçün konkret faktlar da var: Əgər 2022-ci ildə İrəvan müdafiəyə 700-800 milyon dollar xərcləyibsə, 2024-cü ildə bu ayırmalar 1,4 milyard dollara çatıb. Beləliklə, son 2 ildə Ermənistanın hərbi büdcəsi iki dəfə artıb.

Ermənistan rəhbərliyi çoxvektorlu xarici siyasət yeritməklə, öz təhlükəsizliyini daha effektiv təmin etməkdə israr etsə də, ekspertlərin fikrincə, İrəvan hazırkı siyasi reallıqları nəzərə almaqdan uzaqdır. Onun yeni tərəfdaşları bir sıra obyektiv səbəblərə görə, çətin ki, bu ölkənin təhlükəsizliyinin Rusiyadan daha etibarlı təminatçısı ola bilsinlər. Azərbaycanla münaqişənin daha da gərginləşəcəyi təqdirdə Qərbin Ermənistanı müdafiə etmək üçün öz silahlı qüvvələrini göndərməyə hazır olduğunu təsəvvür etmək real görünmür.

Oktyabrın 7-də Nikol Paşinyanın MDB-nin zirvə görüşünə gəlişindən sonra İrəvanın bu təşkilatda birləşən postsovet ölkələri ilə regionun və bütövlükdə Avrasiyanın təhlükəsizlik məsələlərində həmrəy olub-olmayacağına aydınlıq gəlməli idi. Amma baş nazirin Putinlə təkbətək görüşməsinə baxmayaraq, nə Avrasiyanın təhlükəsizliyinin təmin edilməsinə dair sənədi, nə də “Beynəlxalq münasibətlərdə birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqinin yolverilməzliyi haqqında” sazişi imzaladı. Bu, bir daha rəsmi İrəvanın Qərbə, xüsusilə ABŞ-yə istiqamətinin dəyişməyəcəyini göstərdi.

Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının rəhbəri Andrey Kortunov Paşinyanın MDB dövlət başçılarının Moskva zirvə görüşündə iştirakını və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü şərh edərkən deyib: “Ölkənin (Ermənistanın) davamlı və qəti şəkildə Qərbə yön alması aydın görünür. Bunu respublikanın baş naziri özü deyir. Biz görürük ki, Ermənistan getdikcə Aİ-dəki tərəfdaşlarından dəstək almağa meyillidir. Bundan əlavə, İrəvan ABŞ-ni əsas tərəfdaş hesab edir”.

Lakin ekspertın də vurğuladığı kimi, Ermənistan baş nazirinin Moskvaya gəlməsi İrəvanın ən azı hələlik Rusiya ilə körpüləri tamamilə yandırmağa hazır olmadığını nümayiş etdirir. Çünki “Qərb tərəfdaşlarının İrəvan üçün artan əhəmiyyətinə baxmayaraq, Ermənistan keçmiş postsovet məkanı ilə də sıx bağlıdır və bu əlaqələri kəsib, başqa istiqamətə yönləndirmək o qədər də asan deyil. Paşinyan bunu çox gözəl anlayır. O, Rusiya və AİƏT ilə iqtisadi əməkdaşlığın yüksək səviyyədə olmasında maraqlıdır. Paşinyan həmçinin Rusiyadakı böyük erməni diasporunun varlığını da yaxşı anlayır. Bu, Ermənistanı postsovet məkanına bağlayan əsas amillərdəndir”.

Son dövrlərə qədər qatı ermənipərəst mövqeyi ilə seçilən Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini, deputat Konstantin Zatulin də Ermənistanın indiki rəhbərliyinin Moskva sammitindəki hiyləgər mövqeyini bütün çılpaqlığı ilə şərh edir: “Hakimiyyətdə (Ermənistanda) açıq-aşkar qərbyönlü hökumət var və məncə, onlar ölkələrinin MDB və KTMT-yə üzvlüyünü yalnız taktiki səbəblərə görə saxlayırlar. Bu hakimiyyət, təbii ki, Rusiya və MDB-dən qopmağın çox böyük iqtisadi itkilərə səbəb olacağını anlamaya bilməz. Ona görə də (Paşinyan hökuməti) siyasətində isveç stolu prinsipini həyata keçirməyə çalışır: iqtisadiyyatda Rusiya ilə iqtisadi əlaqələrdən yararlanmaqda davam edir, siyasi və müdafiə məsələlərində isə Qərbə diqqət yetirir. Bu yerdə sual Ermənistana yox, bizə verilməlidir: Biz bu yanaşma ilə razılaşırıq, ya yox? Şəxsən mən hesab edirəm ki, bununla razılaşmamalıyıq. Mənə elə gəlir ki, Ermənistan hökumətinin və şəxsən ölkənin baş nazirinin fəaliyyəti kifayət qədər inandırıcı şəkildə sübut edir ki, onunla münasibətlər qurmaq və ona etibar etmək olmaz”.

Rusiyalı politoloq, beynəlxalq ekspert Aleksey Martınov da Paşinyanın eyni vaxtda iki dövlətin qucağında oturmağa səy göstərdiyini açıq söyləyir: “Nə olsun ki, Paşinyan gəldi, niyə də gəlməsin? Təbii ki, o, özünü yumşaq desək, yaxşı aparmır, Rusiya ilə Qərb arasında manevr edir, axınlar arasından keçib hansısa “xeyir”dən maksimum yararlanmağa çalışır. Gördüyümüz kimi, Ermənistan bu gün nə Rusiyanı, nə də Rusiya Federasiyası ilə inteqrasiya layihələrini rədd edə bilməz. Qərbin müxtəlif strukturlarındakı yeni dostları Paşinyanı nə qədər bu cür hərəkətlərə sövq etsələr də, o buna getməyəcək. Ermənistan MDB-nin tamhüquqlu üzvüdür və bu təşkilatda iştirakın təmin etdiyi bütün üstünlüklərdən fəal şəkildə istifadə edir. Ermənistanda ÜDM-nin artımı ona görə baş verib ki, Qərb bazarları ilə işləyən bir çox Rusiya şirkətləri (əsasən MDB, daha sonra AİƏT ilə müqavilələr çərçivəsində) öz ofislərini İrəvana köçürüblər. Orada vergi ödəyirlər. Ermənistanın ÜDM-də belə bir sıçrayışını təmin ediblər”.

Bütün bunlara baxmayaraq, Ermənistanın Qərbə doğru yürüşü davam edəcək, amma bu, çox uzunmüddətli prosesdir. Bu gedişin son nəticədə nəyə gətirib çıxaracağı barədə danışmaq hələ tezdir. Çünki faktiki olaraq Qərb Ermənistan qarşısında və xüsusən də onun təhlükəsizliyi sahəsində ciddi öhdəliklər götürməyə hazır deyil. İrəvan açıq şəkildə Avrasiya təhlükəsizliyi ideyasından imtina edə bilər, lakin bu, o demək deyil ki, Ermənistan dərhal adekvat əvəzləyici tapacaq.

ABŞ-yə gəldikdə isə, Qərbi yönləndirən bu ölkə, hələlik, onun üçün strateji əhəmiyyət kəsb edən Ukraynaya belə tam təhlükəsizlik zəmanəti verməyə hazır deyil. Kiyevə maliyyə və hərbi dəstəyin həcmi İrəvana verilən dəstəkdən xeyli çoxdur. Birləşmiş Ştatlar və Aİ tərəfindən Ermənistana maraq qalacaq, bu ölkəyə, hərbi-texniki sahədə yardım da göstəriləcək.

Hətta Ermənistan artıq bir sıra Qərb silah sistemlərini alıb. Amma bunlar Ermənistanın yaxın gələcəkdə Qərbin təhlükəsizlik sisteminə inteqrasiyası demək deyil. Ermənistanın Qərb üçün bütün əhəmiyyətinə baxmayaraq, o, strateji prioritet ölkə deyil. Ermənistanı ABŞ üçün əhəmiyyətini nəinki Ukrayna, heç İsraillə də müqayisə etmək olmaz. Ermənistanın yaxın perspektivdə Aİ-yə üzv olacağını gözləmək də sadəlöhvlük olardı. Ona görə də Ermənistanın milli təhlükəsizliyi və Qərblə sıx əməkdaşlığının təmin edilməsi yaxın gələcəkdə həll edilə bilməz. Bəli, Ermənistan son nəticədə strateji vakuuma düşə bilər ki, onun təhlükəsizliyinə həqiqətən təminat verə biləcək tərəfdaşlar tapmaq çətin olacaq.

İlqar RÜSTƏMOV
XQ

Siyasət