Deyəsən, İrəvan “səlib yürüşü”nə hazırlaşır

post-img

Sərhəddə “səlibçi xaçı”nın əks olunduğu bayraqların qaldırılmasının anlamı nədir?

Ermənistan tərəfi, təxminən, 30 il davam edən işğalçılıq siyasəti zamanı hər vəchlə Azərbaycanla münaqişəyə, necə deyərlər, dini don geyindirməyə çalışırdı. Bu da səbəbsiz deyildi. Onlar bu yolla xristianlığa etiqad edən Qərb ölkələrinin dəstəyinə ümid edirdilər. İrəvanın buna xeyli dərəcədə nail olduğunu demək mümkündür. Etiraf etmək lazımdır ki, Qərb dünyasında haylar kimi düşünənlərin sayı az deyil.

Ümumiyyətlə, haylar digər məsələlərdə də hər zaman xristian dünyasının köməyinə bel bağlayıblar. Onlar tez-tez belə bir fikir irəli sürürlər ki, Ermənistan dünyada xristianlığı dövlət dini kimi qəbul edən ilk ölkə olub. Guya, bu, xristianlığın yaranmasından üç əsr sonra – 301-ci ildə baş verib. Qeyd edirlər ki, xristianlıq erməni xalqının formalaşmasında 1700 ildən çoxdur son dərəcə mühüm, hətta fövqəladə rol oynayıb. Din erməni kimliyinin ayrılmaz tərkib hissəsi olub və tarixin gedişatını dəyişib (?). 2011-ci ildə keçirilmiş siyahıyaalmanın nəticəsinə görə, hayların əksəriyyəti – təxminən 94 faizi erməni apostol kilsəsinə mənsub xristianlardır. Ölkədəki məktəblərdə erməni apostol kilsəsinin əsas inancları tədris olunur. Ermənistanın hazırkı konstitusiyasının birinci fəslinin 18-ci maddəsində deyilir: “Ermənistan Respublikası erməni apostol müqəddəs kilsəsinin erməni xalqının mənəvi həyatında, milli mədəniyyətinin gələcək inkişafında və milli kimliyinin qorunub saxlanılmasında milli kilsə kimi müstəsna missiyasını tanıyır”.

Azərbaycan isə hər zaman belə yanaşmaların əleyhinə çıxıb. Bizim mövqeyimiz hər zaman bundan ibarət olub ki, Ermənistan əvvəlcə Azərbaycan ərazisində etnik separatçılığı qızışdırıb, sonra isə digər torpaqlarımızı ələ keçirmək üçün işğalçı müharibəyə başlayıb. Biz münaqişəyə dini çalarlar verilməsinin qəti əleyhinə çıxmışıq. Müqəddəs Qriqori kilsəsi içindəki kitablarla birlikdə Bakının mərkəzində – Nizami küçəsi 58 ünvanında qorunub saxlanılmaqdadır.

Görünən odur ki, Ermənistan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildə antiterror tədbirləri nəticəsində sarsıdıcı məğlubiyyətə uğramasına baxmayaraq, təxribatçı əməllərindən, onu bu vəziyyətə salan oyunlardan əl çəkmək istəmir. Bugünlərdə Ermənistan ərazisində – Azərbaycanla sərhəddə üzərində “səlibçi xaçı”nın əks olunduğu dövlət bayrağı qaldırılmasını başqa cür izah etmək mümkün deyil. Əldə edilmiş görüntülərdə Ermənistanın dövlət sərhədində qaldırdığı bayraqların üzərində “səlibçi xaçı” aydın görünür. Məlumdur ki, Ermənistanın dövlət bayrağının üzərində xaç təsviri yoxdur. Belə görünür ki, Ermənistan Azərbaycana qarşı səlibçi niyyətini ifadə etmək üçün dövlət bayrağı üzərində dəyişiklik etmək qərarına gəlib. Səlib yürüşlərinin simvolu olan xaç elementini bayrağı üzərinə əlavə edib Azərbaycanla sərhəddə qaldıran Ermənistanın nə məqsədlər güddüyü bundan aydın görünür.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu XQ-yə açıqlamasında bildirdi ki, Ermənistan tərəfinin Azərbaycanla sərhəddə üzərində “səlibçi xaçı”nın əks olunduğu dövlət bayrağı qaldırmasının heç bir məntiqi izahı yoxdur. Onun sözlərinə görə, özünə hörmət edən heç bir dövlət bayrağının bu şəkildə aşağılanmasına imkan verməzdi. Əgər kimsə bu bayrağı öz təşəbbüsü ilə asıbsa, o, təcili şəkildə yerə endirilməli və əvəzində normativ tələblərə uyğun dövlət bayrağı qaldırılmalıdır. Amma bunu da etmirlər. Deməli, bu, düşünülmüş hərəkətdir: “Onlar bayraqlarının aşağılanması hesabına kimlərəsə ismarıc göndərmək istəyirlər. Yəqin ki, beynəlxalq aləmə, xüsusilə Qərb ölkələrinə də ismarıc göndərirlər ki, Ermənistan xristian ölkəsidir və ona dəstək lazımdır. Bayraqdakı xaçın başqa izahını qəbul etmək mənim üçün də çətindir”.

E.Şahinoğlu dedi ki, işğal dövründə Qarabağ ərazisində də nəhəng xaç quraşdırmışdılar. Əslində, bu da Ermənistanın və separatçıların Fransa və ABŞ-dəki erməni lobbisinə, erməniləri dəstəkləyən qruplara bir ismarıcı idi ki, baxın, bu ərazini biz tutmuşuq, amma bura bütün xristian dünyasına məxsus torpaqlardır. Deyirdilər ki, indi siz öz missiyanızı yerinə yetirməli, bizi müdafiə etməli, Azərbaycanın bu əraziləri yenidən öz nəzarəti altına almasına imkan verməməlisiniz: “Amma o xaçın da separatçılara heç bir faydası olmadı. Düzdür, hazırda Fransa və ABŞ-dəki siyasi qrupların bir hissəsi Azərbaycana təzyiqi artırmağa çalışırlar. Lakin bunun elə bir effekti olmayacaq. Özlərinə ziyan vururlar. Çünki Fransa və ABŞ Azərbaycanla münasibətləri gərginləşdirərək, yəni, təkcə Ermənistan vasitəsilə Cənubi Qafqazda maraqlarını qoruya bilməyəcəklər”.

Ekspert əlavə etdi ki, dövlət bayrağı üzərində xaçların təsvir edilməsi, xaçkar deyilən işarələrin harada gəldi qoyulması onların köhnə şakəridir. Xristian dövlətlərindən dəstək almaq məqsədilə aparılan siyasətdir. Əslində, bunun heç bir nəticəsi olmayacaq. Çünki Azərbaycan ərazi bütövlüyünü, dövlət suverenliyini təmin edib, şərti sərhəddəki strateji yüksəklikləri də nəzarətə götürüb. Dövlət bayrağı üzərinə xaç təsviri çəkənlər, xaçları ora yerləşdirənlər ölkəmizin planlarını əngəlləmək imkanına malik deyillər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin rəhbəri Fərid Şəfiyev isə bildirdi ki, ilk növbədə yayılan məlumat dəqiqliklə yoxlanılmalıdır. Ola bilər ki, sərhədin müəyyən yerində kimsə təşəbbüs göstərərək belə bir bayraq qaldırıb. Yox, əgər bunu bütün sərhədboyu ediblərsə, o zaman buna müvafiq reaksiya vermək olar: “Amma ümumən söhbət ondan gedir ki, ermənilər həmişə Avropadakı, Qərbdəki radikal xristian qüvvələri öz tərəflərinə cəlb etməyə çalışıblar. Sərhəddə ucaldılan bayraqda xaç işarəsinin təsvir olunmasında da bunun müəyyən elementləri var. Bir bayrağın qaldırılması müəyyən suallar doğurur. Əgər bu hal bütün sərhədboyu yaşanırsa, o zaman təbii ki, reaksiya verilməlidir”.

Sərhədlə bağlı son vaxtlar diqqəti cəlb edən məsələlərdən biri də Avropa İttifaqının Azərbaycanla şərti sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları toplamaqla məşğul olan “müşahidəçiləri”nin son vaxtlar aktivləşmələri ilə bağlıdır. Bundan əvvəl media resurslarında dövlət sərhədi yaxınlığına gələn 8 nəfər Aİ missiyasının üzvü və erməni hərbçilərin müşahidə cihazları ilə Azərbaycan ərazilərini müşahidə etməsi əks olunan kadrları yayılmışdı. Bir çoxları bunu Aİ və Ermənistanın Azərbaycana qarşı təxribat hazırlığı kimi qiymətləndirmişdi. Bununla bağlı yayılan yeni məlumat və görüntülər narahatlığın əsassız olmadığını deməyə imkan verir. Aydın olur ki, oktyabrın 8-də saat 13:10 radələrində “müşahidəçilər” Aİ-yə məxsus 2 ədəd “Toyota” markalı avtomobildə Ermənistan ordusu hərbçilərinin müşayiəti ilə Gorus rayonunun Kornidzor kəndi ərazisindəki yolun üzərində yerləşiblər. Ermənistana məxsus 1 ədəd “Niva” və 1 ədəd “UAZ Patriot” markalı minik avtomobili ilə əraziyə gələn 4 “müşahidəçi” və 4 erməni hərbçinin müvafiq cihazlarla Azərbaycan ərazilərini müşahidə etməsi qeydə alınıb. Müşahidə keçmiş “Laçın dəhlizi” istiqamətinə doğru aparılıb.

Bu aktivləşmə bir daha göstərir ki, təxribat ehtimalı əsassız deyil. Aİ “müşahidəçilərinin” erməni hərbçilərlə birgə sərhəd “reydlərini” Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, danışıqlarda daha qeyri-konstruktiv mövqe tutması kimi dəyərləndirmək olar. Aİ bununla bir daha nümayiş etdirir ki, Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasında maraqlı deyil. Əksinə, Ermənistanı revanşizmə həvəsləndirir, Azərbaycanla sülh danışıqlarından çəkilməyə sövq edir. Bütün bunlar isə Rusiya sərhədçilərinin 2025-ci il yanvarın 1-dən Ermənistan–İran sərhəd nəzarət buraxılış məntəqəsində xidmətini dayandırmaları ilə bağlı ölkənin baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında əldə edilən razılıqla eyni günlərə təsadüf edir. Həmçinin, məlum olduğu kimi 2025-ci il yanvarın 1-dən Ermənistan–İran və Ermənistan–Türkiyə dövlət sərhədlərinin mühafizəsində Ermənistan milli təhlükəsizlik xidmətinin sərhəd qoşunları da iştirak edəcəklər.

Rusiyalı hərbi ekspert Aleksey Xlopotovun fikrincə, İrəvan Rusiyanı tədricən Ermənistandan sıxışdırır, sistemli şəkildə Moskvadan uzaqlaşma siyasəti aparır: “Bu tendensiyaların arxasında Fransanın dəstəyinin olduğu açıq-aydın görünür. İndi Rusiyanın buna müqavimət göstərmək üçün praktiki olaraq heç bir resursu yoxdur – nə siyasi, nə də inzibati. 102-ci Rusiya bazasına gəlincə, hesab edirəm ki, o, hələlik, yəni, ən azı İrəvanla Moskva arasında müqavilədə göstərilən müddətin sonuna qədər Ermənistanda qalacaq. Fors-major halları istisna etmək mümkün olmasa da, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi güclənərsə, müqavilənin denonsasiyası (beynəlxalq müqaviləni imzalayan dövlətlərdən birinin digərinə müqavilənin qüvvəsinin birtərəfli qaydada dayandırılması haqqında bəyanat verməsi–S.H) mümkündür. Ümumiyyətlə, Moskva danışıqlarının gündəliyinə baxsaq görərik ki, Rusiya sübutları qəbul edir və Ermənistanda mövcudluğunun dərəcəsini azaltmağa hazırdır. Sadəcə olaraq, indi Rusiya Ukraynada müharibəyə həddindən artıq çox cəlb olunub, hər bir avtomatın və əsgərin önəmi böyükdür”.

A.Xlopotovun sözlərinə görə, Rusiya hərbçilərinin Ermənistan–İran sərhədini tərk etməsi Azərbaycanı birbaşa təhdid etmir. Əksinə, Ermənistan ərazisinin, hətta, demilitarizasiyası həyata keçirilir. Axı rus qoşunları gedir və onları əvəz edəcək qüvvə hələ peyda olmayıb: “Mən düşünmürəm ki, Ermənistan ərazisinə hər hansı böyük Qərb silahlı qüvvələri gətiriləcək. Ən yaxşı halda, hansısa məhdud kontingent, xüsusi əməliyyatlar üçün hansasa qüvvələr, xüsusi təyinatlılar, Aİ-nin yeni müşahidə missiyaları ola bilər. Başqa heç nə. Üstəlik, söhbət heç bir ağır texnikadan getmir. Ukraynadakı müharibə Aropanın da əl-qolunu bağlayır və onun seçimi məhduddur”.

Hərbi ekspert onu da bildirib ki, bu arada Ermənistanın son vaxtlar xaricdən zenit-raket kompleksləri alması İrəvanın Rusiya qoşunları ilə yanaşı, onun silahlarını da əvəz etməyə hazırlaşdığını göstərir. Bəlkə də indi bu prosesə hazırlıq belə gedir: “Məsələn, Ermənistan ərazisini əhatə edən eyni S-300 diviziyaları bəzi oxşar silahlarla əvəz edilməli olacaq. Yeri gəlmişkən, sərhəddəki erməni təxribatları heç bir halda bu proseslə bağlı deyil. Onlardan heç kim sığortalanmayıb, baş verib və vaxtaşırı yenidən baş verə bilər. Zənnimcə, Bakıda bunu yaxşı başa düşürlər. Çünki biz Rusiya sülhməramlıları Qarabağda olduqları vaxt baş verən erməni təxribatlarını yaxşı xatırlayırıq”.

Səxavət HƏMİD
XQ







Siyasət