İqlim dəyişikliyi qlobal təhlükəni şiddətləndirir

post-img

Qlobal iqlim dəyişmələri müxtəlif yanacaq növlərinin yandırılmasından alınan müxtəlif qazların, o cümlədən karbon qazının istiləşdirici təsiri ilə əlaqələndirilir. Sənaye müəssisələrində təbii yanacaqdan istifadə edilməsi də oksigenin  sərf olunması və karbon qazının əmələ gəlməsi ilə nəticələnir. Bununla da atmosfer havasının tərkibindəki oksigen qazının miqdarı azalır, karbon qazının həcmi   çoxalır. 

Karbon qazının isə istiliyi tutub saxlamaq xüsusiyyəti var. Yəni bu qaz istixana effekti yarada bilir. Beləliklə, atmosfer havasının tərkibində miqdarı ilbəil artan karbon qazının istilik enerjisini tutub saxlaması hesabına planetimizin iqlimi tədricən istiləşir. Amma iqlim dəyişmələrini  yalnız karbon qazı ilə əlaqələndirmək tam həqiqəti ifadə etmir.  

Məlumdur ki, karbon qazı atmosfer havasından ağırdır. Buna görə də qravitasiya qüvvəsinin təsiri altında həmişə aşağı enir və son nəticədə ya okean sularında həll olur, ya da bitkilərin fotosintez prosesində  mənimsənilir. Yer kürəsinin səthinin 71 faizinin su təbəqəsi ilə örtüldüyünü nəzərə alsaq yanmalar zamanı əmələ gələn karbon qazının çox hissəsinin okean sularında həll edildiyini təsəvvür etmək olar. Bundan başqa, Yer kürəsinin səthində mövcud olan yaşıl bitkilərin hamısında (otlarda, kollarda, ağaclarda, becərilən mədəni bitkilərdə və s.) fotosintez prosesi gedir və bu zaman atmosfer havasının tərkibindəki  karbon qazı işlənir, yəni onun miqdarı azalır. Rus-sovet alimi M.S.Qilyarovun verdiyi məlumatlara görə, atmosfer havasının tərkibindəki karbon qazının artmasına torpaqda yaşayan bir çox canlılar da fəal təsir göstərir. 

Həmin canlıların həyat fəaliyyəti və yanmalar nəticəsində əmələ gələn karbon qazının miqdarı atmosfer havasının tərkibində artdıqca Günəş şüalarının iştirakı ilə bitkilərdə gedən fotosintez prosesi sürətlənir və bitkilər daha çox üzvi maddə yaradır. Lakin proses əksinə gedərsə karbon qazının miqdarı azalır və fotosintezin   sürəti zəifləyir. Bu isə bitkilərin az üzvi maddə yaratması ilə nəticələnir.  

Belə faktlar bəs edir ki, biz yanaçağın yanmasını və tənəffüsləri ilə atmosfer havasını həmişə karbon qazı ilə “yükləyən” canlıları planetimizin iqliminin tədricən qlobal istiləşməsinin əsas səbəbkarı hesab etməyək. Ən azı ona görə ki, istixana effektinin əsas yaradıcısı sayılan karbon qazının bir hissəsi suda həll olunurr, digər hissəsi isə həm quruda, həm də su səthində yayılmış olan bitkilər tərəfindən işlədilir. 

Beləliklə, qlobal iqlim dəyişmələrini başqa səbəblərlə də əlaqələndirmək olar. Başqa sözlə, istiləşməni digər amillər də şərtləndirir. Məsələn, təbii hadisələr sırasında yer alan zəlzələlərin də Yer kürəsinin özünün xəyali oxu ətrafında fırlanma sürətinə zəiflədici və ya yavaşıdıcı təsiri olur. 

Xatırladaq ki, Yer qabığının bərkiməsindən sonra keçən dövr ərzində 3-4 milyard dəfə güclü təkan qeydə alınıb. Bu təkanlar Yer kürəsinin özünün xəyali oxu ətrafında fırlanma sürətinə zəiflədici təsir göstərib. Mexaniki amillər də təsirsiz ötüşməyib. Belə ki,  günəş sistemindəki bir çox göy cisimləri, o cümlədən meteoritlər, asteroidlər, bolidlər, kometlər və s. Yer kürəsinin cazibə sahəsinə daxil olaraq böyük sürətlə ona doğru uçur. Onlardan bəziləri torpağın səthinə gəlib çata bilir. Bu cür göy cisimlərindən planetin səthinə onun mövcud olduğu 5-6 milyard il ərzində bəlkə də on minlərlə düşüb. Onlardan hər biri  planetlə toqquşduqca milyard illər ərzində onun özünün xəyali oxu ətrafında dönmə sürətini zəiflədib. 

Bütün bu qeyd edilənlər isə deməyə əsas verir ki,  Yer kürəsinin özünün xəyali oxu ətrafında fırlanma sürəti zəiflədikcə onun səthində hər hansı bir sahə vahidini günəş şüaları daha uzun müddətə döyəcləyir. Bu isə həmin sahə vahidinin daha çox günəş radiasiyası almasına səbəb olur. Beləliklə, Yer kürəsinin özünün xəyali oxu ətrafında fırlanma sürətinin zəifləməsi onun səthində hər hansı bir sahə vahidinin günəşdən daha çox şüa enerjisi almasına şərait yaradır. Bu da son nəticədə  qlobal  iqlim dəyişmələrinə gətirib çıxarır.   

Kamran RAMAZANLI

ETN Coğrafiya İnstitutunun həmkarlar təşkilatının sədri

Ekologiya