Azərbaycan evsahibliyi edəcəyi COP29-da gündəlikdə duran məsələlərdən biri olan iqlim maliyyələşdirilməsi problemi üzərində indidən fəal iş aparır. Bu məqsədlə, ilk növbədə, həmrəylik prinsipinə əsaslanılaraq beynəlxalq birlik üzvləri tərəfindən səsləndirilən müxtəlif fikirlər arasındakı fərqlər aradan qaldırılmağa çalışılır.
Prezident İlham Əliyev ayrı-ayrı çıxışlarında diqqəti bu prioritet istiqamətə yönəldərək iqlim maliyyələşdirilməsinin prioritet istiqamət kimi diqqət mərkəzində saxlanıldığını vurğulayıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a hazırlıq məqsədilə iyunun 19-da Bakıda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına müraciətində COP29-da 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması üzrə danışıqlar aparılacağını bildirib. “İqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək hamımızın qarşısında duran ümdə vəzifə, ortaq gələcəyimizə sərmayə, müasir və gələcək nəsillər qarşısında kollektiv məsuliyyətimizdir. Azərbaycan bu danışıqların şəffaflıq və inklüzivlik şəraitində irəli aparılması, bundan əvvəl götürülən öhdəliklərin və vədlərin yerinə yetirilməsinin sürətləndirilməsi istiqamətində bütün zəruri tədbirləri görəcək”, - deyə ölkə rəhbəri müraciətində vurğulayıb.
Dövlətimizin başçısının iqlimin maliyyələşdirilməsi probleminin həllinə həssas münasibətini aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibəsində dediyi sözlər də təsdiq edir: “Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir”.
Xatırladaq ki, Azərbaycanın COP29-da sədrliyi də ən mühüm mövzulardan birinə – iqlimin maliyyələşdirilməsinə həsr olunub. İtki və Zərərlərin Ödənilməsi Beynəlxalq Fondu tərəfindən iqlimin maliyyələşdirilməsi ilə bağlı sənaye güclərinin inkişaf etməkdə olan ölkələrə yardım göstərməsinə imkan yaratmaq üçün kompensasiya mexanizmi təqdim edilib. Bununla belə, fond indiyədək cəmi 429 milyon ABŞ dolları toplayıb ki, bu da həmin ölkələrə dəymiş zərərdən xeyli az olub. Buna görə də beynəlxalq aləmdə Bakıda keçiriləcək COP29-a iqlim maliyyəsinin ədalətli bölüşdürülməsi platforması kimi yanaşılıb.
Yeri gəlmişkən, Dünya İqtisadi Forumunun məlumatına görə, 2023-cü ildən etibarən dünyada bərpaolunan enerji potensialının artımı müşahidə edilir. Məsələn, əgər 2024-cü ildə 473 GVt bərpaolunan enerji gücü qeydə alınıb ki, bu da 2023-cü illə müqayisədə 36 faiz çoxdur, lakin iqlim məqsədlərinə çatmaq üçün kifayət etmir. Bərpaolunan enerjiyə ümumi qlobal sərmayə isə 2023-cü ildə 8,1 faiz artaraq 623 milyard dollara yüksəlib. Halbuki iqlimlə bağlı qarşıya qoyulan məqsədlərə nail olmaq üçün hər il təxminən 1,3 trilyon dollar tələb olunur.
Ötən il BƏƏ-də keçirilən COP28 konfransında da inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq, iqlimin maliyyələşdirilməsi üçün müzakirələr aparılıb. Bu il keçiriləcək COP29 çərçivəsində isə 2030-cu ilə qədər bərpaolunan qlobal enerji potensialının 3 dəfə və enerji səmərəliliyinin ikiqat artırılması, habelə mədən yanacaqlarından “yaşıl iqtisadiyyat”a keçidin sürətləndirilməsi üzrə öhdəliklərin müzakirə ediləcəyi nəzərdə tutulub.
Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən 57-ci illik sessiyasında maliyyə naziri Samir Şərifov da çıxışında bu məsələyə toxunaraq deyib: “Bu gün Azərbaycan dövləti iqlim dəyişikliyinin mənfi fəsadları ilə mübarizəyə öz töhfəsini ortaya qoyur və dünya ölkələrini bu həyati vacib amala səfərbər etmək səylərini nümayiş etdirir. Eyni zamanda, iqlim maliyyələşməsi kimi iddialı qlobal məqsədlərə çatmaq üçün maliyyə vəsaitinə ehtiyac duyulur”.
Bax, elə buna görə də iqlim dəyişikliyinin mənfi fəsadlarını aradan qaldırmaq üçün beynəlxalq aləmdə qlobal maliyyələşdirmə haqqında dərindən düşünülür və COP29-da bu məsələnin həllinə böyük ümid bəslənilir.
Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birolun iqlim maliyyələşməsi ilə bağlı fikirləri də bu baxımdan diqqət çəkir. BEA-nın icraçı direktoru mediaya müsahibəsində COP29-da konkret nəticələrə nail olmaq üçün müvafiq strategiyada öz əksini tapan belə bir taleyüklü prioritet istiqamət barədə deyir: “Bakıda keçirilən COP29-da zəngin və aşağı gəlirli ölkələrin Şimal və Cənub iqlim dəyişikliyinin qlobal problemini həlli üçün bir araya gəlməsi zəruridir. Hazırda müzakirələr daha çox maliyyə məsələsi yönündə gedir. COP29-da da bu, əsas mövzu olacaq. Eyni zamanda, Paris və Londonda keçirilən görüşlərimizə qoşulan tərəflər COP29-da konkret nəticələr əldə etməyə ümid edirlər”.
BEA-nın icraçı direktoru qeyd edib ki, BMT Baş Assambleyası çərçivəsində sentyabrda Nyu-Yorkda keçiriləcək üçüncü tədbirdə iştirak üçün çoxlu sayda müraciətlər daxil olur: “COP29 ilə bağlı gözləntilər hər gün artır. Biz iki məqama diqqət yetirmək niyyətindəyik. Birincisi, ölkələr arasında maliyyələşmə ilə bağlı konsensusa gəlməyə çalışmaq və həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələri COP29-un prezidenti vəzifəsinə təyin edilmiş Muxtar Babayevlə birgə sədrliyimlə görüş üçün bir araya gətirmək istərdik”.
F.Birol daha sonra vurğulayıb ki, ikinci məqsəd metan emissiyalarının azaldılması ilə bağlı konkret nəticələr əldə etmək, qlobal akkumulyatorun inkişafı məqsədinə və qlobal şəbəkə hədəfinə nail olmaqdır. Bunlar iki fərqli istiqamətdir. Birincisi, maliyyələşdirmə ilə bağlı konsensusa nail olmaq, ikincisi isə COP28-də qeydə alınan uğurun inkişaf etdirilməsidir.
F.Birol hesab edir ki, iqlim maliyyəsi bütün problemlərin “sinir mərkəzi”dir. Cari il dünyada təmiz enerjinin maliyyələşdirilməsinə təxminən 2 trilyon dollar sərmayə qoyulacağının nəzərdə tutulması da bunun bariz ifadəsidir. Bu, təbii ki, azdır, amma ümüdverici göstəricidir. Problem isə ondadır ki, bu 2 trilyon dolların təxminən 85 faizi inkişaf etmiş iqtisadiyyatlara və Çinə yatırılır. Yalnız 15 faizi dünya əhalisinin üçdə ikisindən çoxunun yaşadığı inkişaf etməkdə olan ölkələrə sərmayə qoyulur. Deməli, burada ciddi problem var. Buna görə də tərəflərin inkişaf etməkdə olan ölkələr üçün təmiz enerjinin maliyyələşdirilməsinə zəmanət verməyə razılaşdıqları bir mexanizm hazırlanmalıdır. Bu, reallaşdırılmasa iqlimlə bağlı məqsədlərə nail olunması çox çətindir.
BEA-nın icraçı direktoru sözlərinə əlavə edərək bildirib ki, təkcə inkişaf etmiş iqtisadiyyatlarda və Çində iqlim maliyyəsini artırmaqla problemləri həll etmək olmaz. Asiya, Afrika və Latın Amerikasında böyük miqdarda emissiya var. Ona görə də bu məsələ ilə bağlı kritik bir vəziyyətlə qarşılaşılır. Belə olan halda COP29 və COP30-da maliyyələşdirməyə diqqət yetirməlidir. Fikrimcə, COP29 Sədrliyi ilə yanaşı, Braziliyanın da G20 Sədrliyi inkişaf etməkdə olan ölkələr üçün lazımi vəsaiti təmin etmək üçün çalışmalıdır.
F.Birolun bildirdiyinə görə, iqlim maliyyələşməsində hər bir ölkə yeni milli səviyyədə müəyyənləşdirilən töhfə verməlidir və bu, 2035-ci ilə qədər onların nə edəcəklərinə dair planda öz ifadəsini tapmalıdır. Bu plan isə qlobal istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq məqsədini gerçəkləşdirmək üçün kifayət qədər iddialı olmalıdır. Bakıda aparılan müzakirələr bu məsələdə önəmli rol oynayır. Məhz buna görə də Beynəlxalq Enerji Agentliyi milli səviyyədə müəyyənləşdirilən töhfələri reallaşdırmağı qarşıya mühüm məqsəd kimi qoyan COP29 Sədrliyini dəstəkləyir.
V.BAYRAMOV
XQ