Norveçin baş naziri Yonas Qar Störe Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında jurnalistlərə dünyadakı icmaların iqlim dəyişikliyinin təsirindən əziyyət çəkdiklərini, havanın temperaturunun 1,5 Selsi dərəcədə saxlanılması ilə bağlı Paris sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilmədiyini vurğulayıb. Eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizədə maliyyəyə böyük ehtiyac duyulduğunu, bu məsələdə dövlət sektoru ilə yanaşı, özəl qurumların da məsuliyyət daşıdığını qeyd edib.
Baş nazir sözlərinə əlavə edərək bildirib ki, beynəlxalq ictimaiyyət iqlim dəyişikliyi ilə mübarizədə vahid mövqedən çıxış etməli, düzgün qərarlar verməlidir. Fəaliyyət daha çox ötən il Şarm əl-Şeyx və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) əldə edilmiş qərarlara əsaslanılmalıdır. Buna görə də öhdəliklərin icrası diqqətdə saxlanılmalı, texnologiya və energetika sahəsində görülən işlər ədalətlə qiymətləndirilməlidir.
Yonas Qar Störe bu gün bəşəriyyətin hərəkətsizliyə və iqlimə görə fəlakət astanasında olduğunu bildirərək əlavə edib ki, planetin xilası geosiyasi parçalanmanın girovuna çevrilməməlidir: “Unutmayaq ki, problemin həlli təkcə iqlimə deyil, iqtisadi rifaha və davamlı inkişafa da kömək etmək imkanı yaradır. İqlim dəyişikliklərini həll etmək planeti və həssas insanları qorumaq deməkdir”.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11- də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. Digər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.
XQ