Vahid sağlamlıq dialoqu keçirilib

post-img

COP29 tədbirinə hazırlıq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı ölkə ofisi “Vahid sağlamlıq: sektorlararası dialoqla COP29-a hazırlıq” adlı simpozium təşkil edib. Tədbir vahid sağlamlıq yanaşmasını və insan–heyvan–ətraf mühit interfeysində (qovuşma nöqtəsi) təhdidləri azaltmaq üçün davamlı strategiyaların işlənib hazırlanmasında onun mühüm rolunu anlamaq üçün yerli və beynəlxalq tərəfdaşları bir araya gətirib. Bu barədə XQ-yə ÜST-nin ölkəmizdəki nümayəndəliyindən bildirilib. 

Qeyd edilir ki, simpozium potensial təhlükələri azaldan, iqlim dəyişikliyinin sağlamlığa təsirlərini aradan qaldıran və bütün sektorlarda davamlılığı təşviq edən strategiyaların işlənib hazırlanması üçün hərtərəfli çərçivə sənədini təklif edib. Təd­birdə COP29 üçün nəzərdə tutulan mü­zakirələr və iqlim dəyişikliyi ilə mübarizə üçün inteqrasiya olunmuş sağlamlıq və ətraf mühit siyasətlərinə ehtiyac olması vurğulanıb.

Simpoziumda COP29 sədrliyi, mü­vafiq nazirliklər, universitetlər, vətəndaş cəmiyyəti, özəl sektor, gənclər və BMT agentliklərinin qərar qəbul edən şəxsləri və texniki ekspertləri iştirak ediblər.

İştirakçılar sektorlararası əməkdaş­lığın təşviqi, yerli və qlobal səviyyələrdə vahid sağlamlıq prinsiplərinin həyata keçirilməsi üçün effektiv strategiyaların işlənib hazırlanmasına yönəlmiş müza­kirələrdə iştirak ediblər. 

Son onillikdə əhəmiyyətli dərəcədə rolu böyüyən vahid sağlamlıq yanaşması insan, heyvan və ətraf mühitin sağlamlı­ğının qarşılıqlı əlaqəsini vurğulayır. Bu inteqrasiya olunmuş strategiya iqlim dəyi­şikliyi, zoonoz xəstəliklər və ətraf mühitin deqradasiyası nəticəsində yaranan çox­şaxəli problemlərin həlli üçün vacibdir.

Zərifə HÜSEYNOVA
XQ

Ekologiya