Ən böyük gənclər təşkilatı olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yüksəksəviyyəli görüşlər, bacarıqların artırılması üzrə proqramlar və forumlar vasitəsilə müxtəlif ölkələrdən olan insanlarla fikir mübadiləsi aparmağa çalışır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil iqlim prosesində hamının, o cümlədən uşaqların və gənclərin də səslərinin eşidilməsində həlledici rol oynayır.
AZƏRTAC xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri, COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova Qoşulmama Hərəkatının Gənclər Təşkilatının mənzil qərargahında keçirilən görüşdə deyib.
“İqlim dəyişmələrinin fəsadları gənclərə də təsir edir. Gənclər iqlim dəyişmələrinin təsirlərinə məruz qalan tərəfdir. Ancaq biz iqlim dəyişikliyi ilə bağlı həllərə öz töhfəmizi verə bilərik və verməliyik. İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir. Biz həmin istiqamətdə aparıcı rol oynamalı və ambisiyaların artırılması üçün çalışmalıyıq.
Bu il iqlim fəaliyyəti ilə bağlı bacarıqlar əldə etməyiniz üçün əsasən təhsilə sərmayə yatıracağıq. COP29-un gənclər iqlim çempionu olaraq mən hər birinizlə tərəfdaşlıq edərək səsinizin COP29-da eşidilməsinə çalışacağam. Odur ki, hər birinizi fikrinizi deməyə və fəal olmağa səsləyirəm”, - deyə L.Həsənova qeyd edib.