Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, al-əlvan florası və faunası ilə bütün dünyada şöhrət qazanmışdır. Ekoloji mühitin əsas tərkib hissələrindən hesab olunan meşələr bütövlükdə birinci qrupa aid edilməklə, qlobal ekoloji problemlərdən hesab olunan iqlim dəyişmələrinin, səhralaşma proseslərinin genişlənməsinin, bioloji müxtəlifliyinin azalmasının, atmosferdə qaz balansının pozulmasının qarşısının alınmasında əvəzsiz əhəmiyyət kəsb etməkdədir. Respublikamızın meşə fondu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14% -ni təşkil edir. Ölkəmizin ümumi meşə ərazilərinin 49%-i Böyük Qafqazın, 34% -i Kiçik Qafqazın, 15% -i Talış dağlarının, 2% -i isə aran zonasının payına düşür. Qeyd olunduğu kimi Azərbaycanın təbii coğrafi xüsusiyyətləri çox müxtəlifdir.
Füsunkar və zəngin təbiətə malik gözəl Qarabağımızı bəzəyən meşələrimiz çox təəssüflər olsun ki, mənfur ermənilər tərəfindən 30 il ərzində işğal müddətində ekoloji terrora uğramışdır. Torpaqlarımızda, meşələrimizdə düşmən əsl vandallıq aktları törədərək ölkəmizin flora və faunasına zərər yetirməklə yanaşı, təbii sərvətlərimizə də ziyan vurmuşlar. Belə ki, flora və faunanın ən qiymətli ağacları ilə zəngin olan Qarabağ meşələri qırılıb və xaricə daşınmışdır. Yaşıllıq zənginliyinə öyrəşmiş quşlar, heyvanlar bu yerlərdən didərgin düşmüşdür. Təbiətin müvazinəti, balansı pozularaq, torpağın erroziyası başlanmışdır. Lakin 44 gün davam edən Vətən müharibəsi və 24 saatlıq lokal antiterror əməliyyatları zamanı 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandanımız İlham Əliyev və rəşadətli ordumuz tərəfindən işğaldan azad edilmişdir. Bu gün azad olunmuş torpaqlarımızda ekovəziyyəti yenidən bərpa etmək üçün də mühüm addımlar quruculuq, abadılaşdırılma işləri aparılmaqdadır.
Cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Sərəncamda qeyd edilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılmalıdır. “Yaşıl dünya naminə həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Layihənin əsas məqsədlərindən biri və deyərdim birincisi azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmən tərəfində törədilmiş vandalizmə və barbarlığa məruz qalmış zəngin meşələrimizin bərpa edilməsidir.
Kərimova İradə Məzahim qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti,
filologiya üzrə fəlsəfə doktoru, dosent