Sinoptiklər kəskin hava şəraiti ilə bağlı əhalini ehtiyatlı olmağa çağırıblar
Yayın ilk günləri ölkəmizə sürprizlərlə qədəm qoyub. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyunun 1-dən 2-si axşamadək küləkli hava şəraiti ilə əlaqədar Bakı və Abşeron yarımadası üçün narıncı xəbərdarlıq verilib, digər bölgələrdə isə küləklə yanaşı ayrı-ayrı yerlərdə yağış yağacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi bildirilib.
Əvvəlcədən xəbər verildiyi kimi, dünən axşamtərəfi Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Ağdam, Naftalan, Xınalıq, Quba, Qrız, Qusar, Goranboy, Zaqatala, Qəbələ, Şahdağ, Balakən, Mingəçevir, Sarıbaş (Qax), Göyçayda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Daşkəsən rayonunda saat 15:53-15:57 radələrində diametri 20 mm, Göygöl rayonu Kərəmli kəndinə saat 16:20-16:24 radələrində 10-12 mm, Göygöl rayonu Şəhriyar kəndinə saat 16:23 radələrində 10-14 mm, Gədəbəy rayonuna isə saat 17:45 radələrində xırda dənəli dolu düşüb. Goranboy rayonu Böyrü qəsəbəsinə saat 17:30-17:35 radələrində diametri 11-15 mm, Goranboy rayonu Meşəli kəndinə 10-13 mm, həmçinin rayonun Şəfəq və Zeyvə kəndlərinə də dolu yağıb.
Bölgələrdən aldığımız son məlumatda bildirilir ki, təbii fəlakətlə bağlı fövqəladə hallar heyətləri hadisə yerlərində təcili-təxirəsalınmaz tədbirlər həyata keçirirlər. Vəziyyət araşdırılır və dəyən ziyan müəyyənləşdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova küləyin daha da güclənəcəyi ilə bağlı vətəndaşları ehtiyatlı olmağa çağırıb: “İlk növbədə uşaqları küləkli havada nəzarətsiz buraxmamaq, nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamamaq gərəkdir. Öncədən verilən xəbərdarlıqlara diqqət yetirərək tikinti işləri gedən obyektlərin, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərinin altında dayanmayın”.
Baş Dövlət Yol Polisi İdarəsinin qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətində isə deyilir: “Hazırda müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərdən sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, küləkli havada avtomobillərini aşma, qopma ehtimalı yüksək olan obyektlərin yaxınlığında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, yağıntılı havalarda yolların sürüşkənliyini nəzərə almağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi xahiş edir. Qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda məsuliyyətli olmağa çağırırıq”.
XQ