Qızılağac – Azərbaycan təbiətinin qızıl səhifəsi

post-img

Bugünlərdə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında milli park yaradılma­sının 5-ci ili tamam olur. Bu münasibətlə xüsusi mühafizə olunan təbiət ərazi­sində “Flaminqo festivalı” keçiriləəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidmə­tinin rəisi Firudin Əliyev bildirdi ki, ölkə­mizdə xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, bioloji müxtəlifliyin qorunub saxlanıl­ması, təbii resurslardan səmərəli istifa­də edilməsi və ekoturizmin inkişafına diqqət ümummilli lider Heydər Əliyevin ekoloji siyasətindən irəli gəlib. Prezident İlham Əliyein 26 sentyabr 2018-ci il ta­rixli sərəncamı ilə Lənkəran, Masallı və Neftçala rayonlarının inzibati ərazilərin­də Qızılağac Milli Parkının yaradılması bu siyasətin layiqincə davam etdirilməsi­nin daha bir sübutudur. Milli Parkın yara­dılmasının 5 illiyi münasibətilə keçirilən tədbirin Flaminqo quşunun adı ilə bağ­lanması təsadüfi deyil. Flaminqo nadir quşların məskəni olan Qızılağac Milli Parkının daimi sakinidir.

“Flaminqo festivalı” dövlət rəsmiləri­nin, qeyri-hökumət təşkilatlarının, özəl şirkətlərin nümayəndələrinin və məktəb­lilərin iştirakı ilə Qızılağac Milli Parkının ərazisində keçiriləcək. Məqsəd əlamət­dar tarixdə bu nadir parkın fəaliyyətini, həmçinin digər milli parkların təbliği is­tiqamətində görülən işləri, təbiətimizin rəngarəngliyini, biomüxtəlifliyini nümayiş etdirməkdir. 

Təbii sərvətləri, iqlim şəraiti ilə diqqət çəkən Azərbaycan ərazisində Qızılağac qoruğu özünəməxsus və bənzərsiz mə­kandır. Bu yerlərin həlim iqlimi müxtəlif növ iri heyvanların, quşların, sürünənlə­rin və başqa canlıların normal yaşaması, nəsil verməsi üçün çox əlverişlidir. Tarix boyu bir tərəfdən Xəzərin qalxıb-enməsi, əks səmtdən Kür, Araz, Talış dağlarından axan çaylar, Muğandan yön alan axarlar dənizin cənub-qərbində Qızılağac körfə­zini formalaşdırıb. Qərbdən quru, cənub­dan nəmiş subtropik, şimaldan mülayim, şərqdən səhra iqlimi ilə əhatə olunan Qızılağac körfəzini çəmənliklər, qamış­lıqlar, çay vadiləri əhatə edib. 

Qızılağac körfəzi lap qədimdən 2 əsas sərvəti – balıq ehtiyatının və köçə­ri, yerli su quşlarının çoxluğu ilə diqqəti cəlb edib. Buraya Avropanın şimalından, Qərbi Sibirdən, Uraldan, Qazaxıstandan, Karsk və Ağ dəniz sahillərindən, Peçora, Ob çayları hövzələrindən, Baykal gölün­dən, Uzaq Şərqdən, Yaponiya, Skandi­naviya ölkələrindən quşlar gəlir. Uzun illər boyu Qızılağac körfəzi ona qonşu göl, bataqlıqları ilə “Quşlar diyarı” kimi təbiətşünasların, səyyahların, nəhayət, ornitoloq-zooloqların diqqətini cəlb edib. 

I Pyotr 1722-ci ildə Xəzərətrafına yürüşü zamanı bu körfəzin öyrənilmə­sini əmr edib. 1726-cı ildə ilk müfəssəl xəritə hazırlanıb. 1913-cü ildə Tiflisdə keçirilən naturalistlərin, tibb işçilərinin 13-cü qurultayında Azərbaycan sula­rında qışlayan quşların mühafizəsini təşkil etmək məsələsi müzakirə olu­nub. Bu məqsədlə Şirvanda, Muğan­da, Lənkəranda, Qızılağac körfəzi və başqa sahələrdə quşların qorunması üçün rəsmi qoruq-yasaqlıqların yaradıl­ması təşəbbüsü irəli sürülüb. Lakin ve­rilən təkliflərin heç biri həyata keçməyib. Mütəxəssis-alimlər öz istəklərinə ancaq 14 ildən sonra nail olublar: Qızılağac körfəzi 1926-cı ildə yasaqlıq, 1929-cu ildə isə qoruq statusu aldı.

Qızılağac qoruğunun ümumi sahəsi 88 min 360 hektardır. Yaranma tarixinə görə üçüncü sayılan Qızılağac qoruğu Azərbaycan ərazisindəki qoruqların ən böyüyüdür. Qoruğun sahəsi təbii land­şaft baxımından rəngarəng və müxtəlif­dir. 58,4 faiz ərazi su akvatoriyası, 20,3 faiz cəngəllik, 21,3 faiz isə quru düzən­liklərdir. Məhz bu keyfiyyəti ərazidə su, bataqlıq, quru mühitə alışan müvafiq heyvan və quş növlərinin məskunlaşma­sına şərait yaradır.

Qızılağaca hər il yazda yuva qurmaq üçün Şərq ölkələrindən qaranazlar, ər­sindimdiklər, sarı və ağ vağlar, misir vağ­lar və s. uçub gəlir. Burada turac, soltan toyuğu, qızılqaz, bəzgək, çay ördəkləri, qaşqaldaqlar, qu quşları və s. məskun­laşmışdır. Ərazidə məskunlaşmış 20-dək quş növünün adı Azərbaycanın “Qırmızı kitab” ına daxil edilib. Təbiətinin rən­garəngliyi, bitki və əsasən də heyvanat aləminin zənginliyi, əraziyə çox sayda yerli və xarici turistlərin gəlişini nəzərə alaraq, Qızılağac Dövlət Təbiət Qoruğu, Qızılağac Dövlət Təbiət Yasaqlığı və ona bitişik ərazilərin sahəsi genişləndirilərək 1 milyon hektar ərazidə Azərbaycanın yeganə dənizkənarı milli parkı yaradılıb. 

1 saylı Regional Ekologiya və Tə­bii Sərvətlər İdarəsinin rəisi Ceyhun Hüseynov dedi: 

– Biz ərazidə yerləşən təbiət sub­yektlərinə təkcə nəzarət etmirik, eyni zamanda, ekoloji biliklərin təbliği is­tiqamətində tədbirlər həyata keçiririk. İdarəmizin əməkdaşları mütəmadi ola­raq müəssisələrdə, o cümlədən Qızıla­ğac Milli Parkında məktəblilərin, geniş əhali kütləsinin iştirakı ilə ekoloji möv­zuda mühazirələr oxuyur, tədbirlər keçi­rirlər. Milli Parkda keçiriləcək “Flaminqo festivalı”na isə xüsusi hazırlaşırıq. Par­kın yaradılmasının 5 illiyinə həsr olunan bu tədbirdə ekoloji biliklər təbliğ oluna­caq, ərazidə geniş abadlıq işləri görülə­cək, müxtəlif ağaclar əkiləcək, mövcud yaşıllıqlara aqrotexniki qaydada qulluq göstəriləcək.

Sonda bildirək ki, Qızılağac təbiət ərazisinin respublika milli parkları ailə­sinə daxil olmasından cəmi 5 il keçsə də, ərazidə geniş abadlıq, yaşıllaşdırma işlə­ri görülüb, parkın ekoloji mühiti qorunub, daha da zənginləşdirilib. Ekoturizmin in­kişafı üçün yeni imkanlar açılıb. İndi Qı­zılağac parkı müxtəlif ekoloji tədbirlərin ünvanına çevrilib. Qarşıdakı “Flaminqo festivalı” isə milli parkın 5 illiyinə həsr olunub. Bu təbiət bayramı əsrarəngiz Cənub təbiəti barədə yeni ekoloji təsəv­vür və xoş təəssüratla yadda qalacaq.

Bəxtiyar HÜSEYNOV,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, yazıçı-ekoloq

Ekologiya