Afrikada “qırmızı vərəqə” alan Fransa niyə Cənubi Qafqaza can atır?!

post-img

Ölkəsinə umac ova bilməyən Makron ermənilərə makaron kəsir

Fransa Prezidenti Emmanuel Makronun və onun komandasının son vaxtlar Afrikadan tutmuş Cənubi Qafqaza qədər böyük bir coğrafi məkanda baş verən gərgin hadisələrlə bağlı səsləndirdiyi səhv, yanlış açıqlama və bəyanatlar, atdığı yersiz və uğursuz addımlar bu ölkəni beynəlxalq arenada nüfuzdan salır. 

Məlumdur ki, hər bir ölkədə seçkilər cəmiyyətdə siyasi qüvvələr nisbətini müəyyən edir. Bu günlərdə Fransa se­natına keçirilən ara seçkilərində ən çox diqqətçəkən məqam ultrasağçıların ye­nidən parlamentə qayıdışı olub. Bu, o deməkdir ki, Fransa cəmiyyəti radikalla­şır. 

Belə ki, ölkənin 45 seçki dairəsində 170 yeni senator seçilib. Seçkilərdə ultrasağçıların daha üç nümayəndəsi qalib gəlib. Ölkə mediası bunu “Millətçilərin Senata qayıdışı” adlandırıb. Makronçular isə bu dəfə də çox az mandatla kifayət­lənməli olublar. 

Prezident Makronun isə indi ən böyük “başağrısı” təkcə seçkilərin uğursuz nəti­cələri deyil. Dövlət başçısını son günlər ən çox əndişələndirən Fransanın dünya­nın bir çox ölkələrində, xüsusilə Parisin təsir dairəsinin ənənəvi olaraq güclü ol­duğu Afrikada, yumşaq desək, hörmət­dən düşməsidir. 

Əslində, Fransa “Qara qitə”də siyasi iflasla üzləşib. Fakt budur ki, bu ölkənin Afrikadakı bütün keçmiş müstəmləkələ­rində Parisə qarşı narazılıq kəskin artıb.

Səbəb bəllidir. Fransanın nəzarətin­də olan dövlətlərdə korrupsiya baş alıb gedir, əhalinin maddi durumu kəskin pis­ləşir. 

Nigerdə qiyamçıların Parisin “sadiq adamı” olan dövlət başçısını həbs etmə­si, Parisdən isə bütün hərbi bazalarını təcili bağlamağı tələb etməsi Makronun komandasını çaşbaş salıb. Parisin bu tələbi yerinə yetirməkdən savayı başqa əlacı yoxdur.

Qeyd edək ki, Makron “TF1” və “France 2” telekanallarına müsahibəsin­də bildirib ki, Fransa ilin sonuna qədər bu Afrika ölkəsindən ordusunu çıxarmaq niyyətindədir. Bununla bərabər, dövlət başçısı Parisin “terrorizmlə mübarizədə qitəyə kömək etməyə davam edəcəyini” vəd edib. İndiki məqamda Parisin hər hansı vədinin quru və mənasız sözdən heç bir fərqi olmadığı çoxlarına bəllidir. 

Milli Birlik Partiyasının parlament frak­siyasının rəhbəri, qatı millətçi baxışları ilə seçilən Marin Le Pen “France Inter” radiostansiyasının efirində deyib ki, qo­şunların çıxarılması və səfirin Nigerdən geri çağırılması Fransa siyasətinin ağır böhrana düçar olmasını nümayiş etdirir. 

Afrikada nüfuzunu və populyarlığı­nı itirən Fransa indi Cənubi Qafqazda “özünü təsdiq etməyə” cəhd göstərir. Azərbaycan dövlətinin özünün hüquqi ərazisində suverenliyini tam təmin etmək üçün Qarabağda başladığı və uğurla hə­yata keçirdiyi lokal antiterror addımlarına qarşı Parisin sərgilədiyi mövqe sadəcə başadüşülən deyil. 

Fəlsəfə doktoru, tanınmış politoloq Mübariz Məmmədli bu barədə dedi ki, ümumiyyətlə, son otuz ildə bu ölkənin bəzi liderləri qatı ermənipərəst mövqe sərgiləyiblər. Fəqət onlardan heç biri qır­mızı cizgiləri keçməyib. Amma Makron isə heç bir qırmızı xətt tanımır. 

E.Makron, həm də Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir. Paris Rusiyanın Ukraynadakı müharibə nəticəsində xeyli zəiflədiyini başa düşür və bundan maksimum yararlanmağa ça­lışır. Bundan başqa, Fransanın Türkiyə ilə münasibətləri ürəkaçan deyil. Ona görə də rəsmi Paris regionda təkbaşına öz oyununu oynamağa cəhd edir. 

E.Makron, eyni zamanda, Qarabağla bağlı qeyri-adekvat bəyanatları ilə həm də ölkəsindəki erməni elektoratının rəğ­bətini qazanmağa çalışır. Axı Fransada kifayət qədər böyük və güclü erməni di­asporu var. Bu ölkədə təxminən 600 min erməni yaşayır və onların seçki prose­sinə təsir imkanları var.

Beynəlxalq arenada da Fransanın nüfuzdan düşməsi müşahidə olunur. Bu ölkənin baş diplomatı Ketrin Kolonnanın BMT Baş Assambleyasındakı çıxışı belə qənaətə gəlməyə əsas verir. Həmin iclas­da qurum rəsmiləri bir neçə dəfə xanım nazirə üstüörtülü mesaj verdilər ki, bey­nəlxalq hüquqa hörmət etmək lazımdır. 

K.Kolonna Fransa Milli Assamble­yasındakı son çıxışında deyib ki, “bizim ölkə qədər heç bir dövlət Ermənista­nın arxasında durmayıb. İlin əvvəlindən Fransa ermənilərə 5 milyon avroluq hu­manitar yardım göndərib. Baş diplomatın təşəbbüsü ilə bu yaxınlarda Ermənistana daha 7 milyon avro humanitar dəstək üçün vəsait ayrılıb. 

Fransanın xarici işlər naziri onu da bildirib ki, Fransa ilə Ermənistan arasın­da hərbi əməkdaşlıq günbəgün güclənir və Parisin İrəvandakı səfirliyində hərbi attaşe ştatı açılıb. Bundan başqa, Fran­sa Sünikdə, yəni Zəngəzurda konsulluq açmaq niyyətindədir. 

Göründüyü kimi, Fransa qaşınmayan yerdən qan çıxarır. Parisin məqsədi heç də erməniləri Azərbaycanın hücumun­dan qorumaq deyil. Niyyət nəyin baha­sına olursa-olsun, Zəngəzur dəhlizinin açılmasına mane olmaqdır. Ermənistan imperialist qüvvələrin məkrli siyasətinin icrası üçün bir vasitədir. 

Bəli, Fransa XXI əsrdə də müstəm­ləkəçilik siyasətindən əl çəkmək istəmir. Fəqət çağdaş dünya və real həyat Parisi digər dövlətlərin suverenliyinə hörmətlə yanaşmağa məcbur edəcək. 

“Ermənilərin dostu” bütün beynəlxalq qanun və normaları ayaqlar altına atma­ğı özünə rəva bilir. Özü də bunu BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bir dövlət edir. Bundan sonra dünyanın ədalətinə necə inanmaq olar?! 

Fransada unudurlar ki, müstəqil Azər­baycan dövləti bu gün çox güclüdür, su­veren hüquqlarını qorumağa və müdafiə etməyə qadirdir! 2020-ci ilin payızında Azərbaycanın igid əsgər və zabitləri Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Qarabağda tarix yazıblar! 

Ölkəmizin dostları, eləcə də qar­daş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan isə dəfələrlə ən yüksək tribuna­lardan Parisə və bütün dünyaya bəyan edib ki, Ankara hər zaman Azərbaycanın yanındadır. Qarabağ Azərbaycandır! 

Atamoğlan MƏMMƏDLİ, 
BDU-nun professoru, siyasi şərhçi

– Fransanın Ermənistanı aşkar surətdə himayə etməsi hazırkı iqti­darın təkcə erməni elektoratı və bu ölkədəki kifayət qədər zəngin lob­bisinin rəğbətini qazanmaq deyil. Parisin Cənubi Qafqazda riyakar siyasətinin məqsədi regionda təm­sil olunaraq siyasi, iqtisadi və hərbi dividentlər qazanmaqdır. 

Yelisey sarayı görür ki, Tür­kiyə Azərbaycanla birlikdə Cənubi Qafqaz kimi strateji coğrafi məkan­da söz sahibinə çevrilib. Bir qayda olaraq Ankaranı Avropada özünə rəqib görən Paris faktiki olaraq Tür­kiyənin strateji maraqlarına zərbə vurmağa çalışır. 

Məlum olduğu kimi, Fransa ilə Türkiyənin maraqları əvvəlcə Su­riyada, onun ardınca Liviyada və Şərqi Aralıq dənizinin sularında toqquşur. Əslində, Fransanın güc­lü, qüdrətli Türkiyənin bütövlükdə Avropa qitəsində nüfuzunun arta­cağı ehtimalından əndişələnir və Ankaranı Avropa İttifaqının kənda­rına belə buraxmaq istəmir. 

Ermənistan isə son yüz ildən çox müddət ərzində böyük güclərin əlində bir vasitə olub. “Cəfakeş” er­məni xalqı və onun qurduğu səbat­sız hökumət vaxtilə Çar Rusiyasına yarındığı kimi, son illər isə imperia­list Fransasına acizanə xidmətkar­lıq nümayiş etdirir. 

Ermənistan siyasi isteblişmen­tinə başa salmaq lazımdır ki, re­gionda destruktiv siyasət yürüdən böyük güclərin öz milli maraqları var və onlar heç də bu həssas böl­gəyə sülh, əmin-amanlıq və tərəqqi gətirmək barədə düşünmürlər. 

Bir çox Qərb dövlətlərinin, xü­susilə Fransanın niyyəti Cənubi Qafqazda münaqişəni körükləmək­lə Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına hər vasitə ilə mane olmaqdır. Çünki bu dəhliz faktiki olaraq quru yolla Böyük Turanın iqtisadi və siyasi inteqrasiyasını sürətləndirə bilər. 

Bununla bərabər, qeyd etmək lazımdır ki, iqtisadiyyatın öz qanun­ları var və iqtisadiyyat hər zaman inkişafın lokomotivi rolunda çıxış edib. Tarixin inkişaf təkərini heç bir qüvvə saxlaya bilməyib. Axı bir də uzun onillər boyu bir-birindən ayrı düşməyə məhkum olmuş türk xalq­larının haqq etdiyi ilahi ədalət var. 

Məsaim ABDULLAYEV
XQ



Siyasət