Dünyanı cənginə alan isti havalar

post-img

Dünyanın dörd bir yanında təbiətin şıltaqlıqları davam edir. Bir tərəfdə normadan artıq qızmaq istilər, digər tərəfdə isə daşqınlar, meşə yanğınları və s. Həddən artıq isti havalar Avropa, Asiya və Şimali Amerikada rekordlar qırır, milyonlarla insan təbii anomaliyadan əziyyət çəkir. Artıq elm aləmində son həftə müşahidələr tarixində Yer kürəsinin ən isti həftəsi adlanır. 

Çin Sincan-Uyğur muxtar rayonu ərazisində 52,2 dərəcə isti qeydə alınıb. Çinin Meteorologiya İdarəsi məlumat yayıb ki, ən yüksək temperatur iyulun 16-da Sincan-Uyğur muxtar rayonunun Turfan dairəsində müşahidə edilib. Burada havanın hərarəti ilin bu dövrü üçün yüksək temperatur rekordunu yeniləyərək 52,2 dərəcəyə çatıb.

Openin yarımadasında hava xaosu

Yüksək temperatur ilə mübarizə aparan İtaliyanın Kalabriya bölgəsi və Siciliya adası meşə yanğınları ilə mübarizə aparır. Siciliyada irili-xırdalı 86 aktiv yanğın davam edir. Yanğınların birbaşa və dolayı təsiri nəticəsində 4 nəfər həlak olub. Palermo hava limanında güclü tüstü səbəbindən nəqliyyat müvəqqəti olaraq dayandırılıb. Ölkədə bir sıra magistral yollar da nəqliyyatın hərəkəti üçün bağlanıb. Ölkənin şimalında tufanlı hava hökm sürür. Ağaclar aşıb. Avtomobillərə ziyan dəyib. Monza və Milan şəhərlərinin yerləşdiyi bölgədə təsirli olan şiddətli tufan səbəbindən elektrik şəbəkəsi sıradan çıxıb.

Türkiyə 

Qardaş Türkiyədə də qorabişirən istilər davam edir.  Meteorologiya Baş İdarəsi xəbərdarlıq edib ki, belə istilər 1 həftə davam edəcək. İstilər səbəbindən meşə yanğınları baş verir.

Pireneydə can alan istilər

Portuqaliya və İspaniyada anomal istilər keçməkdədir. İstilərdən ölüm və huşunuitirmə halları qeydə alınıb. 

Pakistan

Musson mövsümünü yaşayan Pakistanın Kəraçi şəhərində küçələri su basıb. Onlarla avtomobil su altında qalıb.

Hindistan

Hindistanın Noida şəhərində neysan yağışlar səbəbindən Hinton çayında suyun səviyyəsi qalxıb. Avtomobillər su altında qalıb.

Əlcəzair

Normadan artıq keçən istilər  Afrika qitəsinin bir çox yerini, o cümlədən Əlcəzairi cənginə alıb.

Əlcəzairdə yanğınlarda ölənlərin sayı 34-ə yüksəlib. Əlcəzairdə meşə yanğınları söndürülüb. Mühafizə və soyutma işlərinin davam etdiyi açıqlanıb.

Tunis

Tunisdə də oxşar vəziyyət hökm sürür. Temperaturun bəzi yerlərdə 50 dərəcəni keçdiyi ölkədə 170 nəfər meşə yanğınlarından zərər çəkib. Yanğınlarla əlaqədar 2500 nəfər təxliyə edilib.

Anar ƏLİ,
“Xalq qəzeti”

Ekologiya