Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin açıqlamasında bildirilib.
Məlumatı “Anadolu” verib.
İkitərəfli münasibətlərin vəziyyəti, regional və beynəlxalq məsələlər müzakirə olunub.
Prezident Ərdoğan qeyd edib ki, Ankara Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığı daha da dərinləşdirməyi hədəfləyir. Dövlət başçısı Türkiyənin Somali və Yəməndəki hadisələri diqqətlə izlədiyini hər iki ölkənin ərazi bütövlüyünün qorunmasının regional sabitlik üçün vacib olduğunu vurğulayıb.
Prezident Ərdoğan Türkiyənin Yəməndə qarşı tərəflərin mövqelərini bir-birinə yaxınlaşdırmaq səylərinə töhfə verməyə hazır olduğunu bildirib.
Qəzza zolağındakı vəziyyətlə bağlı Prezident Ərdoğan qışın gəlməsi ilə Fələstin anklavındakı humanitar vəziyyətin daha da pisləşdiyini, Türkiyənin davamlı atəşkəsə nail olmaq və Qəzzanın yenidən qurulması üçün səylərini davam etdirdiyini qeyd edib.
P.ƏMİRCANOV
XQ

