Böyük Britaniyanın nüfuzlu Financial Times nəşrinin məlumatına görə, ABŞ-ın Argentem Creek Partners (ACP) və Innovatus Capital Partners fondları Ukraynanın cənubunda yerləşən və Qara dənizə çıxışı olan “Olimpeks” taxıl terminalına nəzarəti ələ alıb. Terminal Odessa limanı ərazisində yerləşir və regionda mühüm logistika mərkəzi sayılır.
Mənbələrin bildirdiyinə görə, ACP fondunun tərəfdaşı Con Patton terminalın 2025-ci ilin yay aylarında, ən geci isə payızın əvvəlində fəaliyyətini bərpa etməsini planlaşdırdıqlarını açıqlayıb. Qeyd edilir ki, terminalın operativ idarəçiliyi isveçli sahibkar Karl Sturenə həvalə olunacaq.
Bu qərar yalnız iqtisadi layihə deyil, eyni zamanda, geosiyasi xarakter daşıyır. ABŞ fondlarının Odessa kimi strateji liman bölgəsindəki taxıl terminalına investisiya qoyaraq nəzarəti ələ keçirməsi, Qara dəniz regionunda baş verən geosiyasi proseslərlə sıx bağlıdır.
Ukrayna taxılı Rusiya ilə müharibə fonunda qlobal ərzaq bazarlarının sabitliyində mühüm rol oynayır. “Olimpeks” terminalı isə bu ixrac prosesində əsas logistika mərkəzlərindən biri hesab olunur. Belə olan halda, ABŞ fondlarının bu terminal üzərində nəzarəti təkcə kommersiya maraqları ilə izah olunmur. Mütəxəssislər bu addımı Qərbin Ukrayna üzərində strateji nəzarət alətlərindən biri kimi qiymətləndirir.
Bundan başqa, “Olimpeks” terminalı ildə milyonlarla ton taxıl və digər kənd təsərrüfatı məhsullarını emal və ixrac etməyə qadirdir. Hazırda regionda logistika və təchizat zəncirlərindəki çətinliklər səbəbindən bu tip terminalların fəaliyyəti yalnız iqtisadi deyil, həm də humanitar təhlükəsizliyin təminatçısı kimi çıxış edir.
Terminalın fəaliyyətə başlaması ilə Ukraynanın Qara dəniz limanları üzərindən ixrac potensialı artacaq, bu isə xüsusilə Afrika və Yaxın Şərq ölkələri üçün ərzaq təminatında mühüm rol oynayacaq.
Analitiklər qeyd edir ki, bu tip investisiyalar yalnız iqtisadi maraqlarla izah olunmur. Qərb, xüsusilə ABŞ, Ukraynada nəzarəti strateji məntəqələr üzərindən genişləndirməyə çalışır. Odessa limanı və “Olimpeks” terminalı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu, eyni zamanda Rusiya ilə Qərb arasında ərzaq təhlükəsizliyi və Qara dəniz nəzarəti məsələsində yeni qarşıdurma xəttinin formalaşdığını göstərir.
Terminalın idarəsinin isveçli sahibkara tapşırılması isə həm də Avropa İttifaqının proseslərə dolayı yolla cəlb edilməsi və beynəlxalq “mülki” investisiya fonunda strateji təsirin artırılması kimi qiymətləndirilə bilər.
Nəticə etibarilə, ABŞ fondlarının Odessadakı “Olimpeks” terminalını nəzarətə götürməsi, Ukraynanın ərzaq ixracı sahəsində Qərbin təsirini gücləndirir və regionda yeni geoiqtisadi reallıqlar formalaşdırır. Bu addım yalnız Ukrayna üçün deyil, bütövlükdə Qara dəniz regionunda strateji balans üçün mühüm nəticələr vəd edir.
Səbuhi MƏMMƏDOV
XQ