Almaniyada hərbi xidmətin yeni modeli üzərində iş aparılır

post-img

Almaniya Federativ Respublikasında hərbi xidmətin yenidən təşkili ilə bağlı qanun layihəsi hazırlanıb. Layihə ölkənin müdafiə potensialının gücləndirilməsinə və regional təhlükəsizlik arxitekturasında aktiv rolunun təmin olunmasına yönəlib.

Almaniya Müdafiə Nazirliyi tərəfindən hazırlanmış və avqust ayında Bundestaqda müzakirəyə çıxarılması nəzərdə tutulan qanun layihəsi ölkənin müdafiə qabiliyyətinin artırılması məqsədilə şəxsi heyət mexanizmlərində dəyişiklikləri ehtiva edir. Sənədə əsasən, könüllü hərbi xidmətin stimullaşdırılması ilə yanaşı, zərurət yarandığı hallarda ümumi hərbi xidmətin bərpası da hüquqi əsasda mümkün olacaq.

Qanun layihəsində 18 yaşlı bütün kişilərin (qadınların isə könüllü şəkildə) tibbi və şəxsi məlumatları əhatə edən anket formasını doldurması nəzərdə tutulur. Uyğun namizədlər əlavə seçim mərhələsinə cəlb olunacaqlar. Model əsasən İsveç təcrübəsinə əsaslanır və çağırış sisteminin könüllülüyə əsaslanan forması kimi tətbiq ediləcək.

Layihənin icrası üçün ilkin mərhələdə bürokratik və infrastruktur hazırlıqların həyata keçirilməsi planlaşdırılır. Praktiki tətbiq isə 2027-ci ildən gec olmayaraq mümkün hesab edilir. Bu müddətdə həm təlim sistemlərinin gücləndirilməsi, həm də könüllülərin sayının artırılması qarşıya məqsəd qoyulur.

Hazırda Almaniya Silahlı Qüvvələrində 181 min hərbçi, 80 min mülki əməkdaş və 60 minlik ehtiyat heyəti fəaliyyət göstərir. Müdafiə naziri Boris Pistoriusun təqdim etdiyi yeni konsepsiyada 2031-ci ilə qədər əsas heyətin 230 min nəfərə, ehtiyat qüvvələrin isə 260 minə çatdırılması planlaşdırılır.

Almaniya hökuməti bu məqsədlə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb. 500 milyard avroluq xüsusi fondun yaradılması və mövcud 100 milyard avroluq təchizat proqramı ilə birlikdə, hərbi infrastrukturun və texniki imkanların gücləndirilməsi istiqamətində ciddi addımlar atılır.

Qanun layihəsinin müzakirəyə çıxarıldığı bir dövrdə ictimai rəyin də dəstəyi müşahidə olunur. Son rəy sorğularına əsasən, vətəndaşların 55 faizi hərbi xidmətin bərpasını dəstəkləyir, 62 faizi isə daha güclü ordunun ölkənin müdafiə qabiliyyəti baxımından zəruri olduğunu bildirir.

Yeni müdafiə konsepsiyası Almaniyanın yalnız daxili təhlükəsizlik ehtiyaclarını deyil, eyni zamanda Avropa təhlükəsizlik sistemində daha fəal rol oynamasını nəzərdə tutur. Regionda baş verən geosiyasi dəyişikliklər fonunda bu islahatlar Almaniyanın NATO və Aİ daxilində müdafiə öhdəliklərini gücləndirmək istiqamətində strateji yanaşma kimi qiymətləndirilir.

Ümumiyyətlə, Almaniyanın hərbi potensialını gücləndirməsi Avropada formalaşmaqda olan yeni təhlükəsizlik arxitekturasının tərkib hissəsidir. Fransa və Polşa ilə rəqabət fonunda Almaniya həm texniki-modernizasiya, həm də insan resursları baxımından irimiqyaslı proqram həyata keçirir.

Səbuhi MƏMMƏDOV

XQ

Dünya