Moskva ilə Bakının münasibətləri strateji müttəfiqlik xarakteri daşıyır, lakin bunu bəyənməyən qüvvələr var. Bu barədə iyulun 3-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Solovyev canlı” telekanalının efirində məlumat verib.
Xəbəri “İzvestiya.ru” yayıb.
“Biz yadda saxlamalıyıq ki, onlar (Moskva ilə Bakının münasibətləri - red.) strateji müttəfiqlik xarakteri daşıyır. Təbii ki, bunu bəyənməyən qüvvələr var”, - diplomat vurğulayıb.
O,əlavə edib ki, həbs edilən Rusiya vətəndaşlarına hələlik Azərbaycanda konsulluq icazəsi verilməyib. Onun sözlərinə görə, rusiyalı diplomatlar azərbaycanlı həmkarları ilə işləməkdə davam edirlər.
“Biz ondan çıxış edirik ki, (konsulluq girişi – red.) təmin olunacaq, təmin edilməlidir”, - Zaxarova bildirib.
İyulun 2-də Zaxarova deyib ki, Moskva Bakını ölkələrin münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaytarmaq üçün tədbirlər görməyə çağırır. O əlavə edib ki, bütün məsələlər diplomatik kanallardan istifadə etməklə tərəfdaşlıq yolu ilə həll edilməlidir.
P.ƏMİRCANOV
XQ