Baqrat Qalstanyana qarşı terrorizm və hakimiyyəti ələ keçirməkdə ittihamı irəli sürülüb

post-img

Ermənistanda hüquq-mühafizə orqanları hakimiyyəti ələ keçirmək üçün genişmiqyaslı planın qarşısını alıb. Bunu iyunun 25-də baş nazir Nikol Paşinyan bəyan edib.

Məlumatı “İzvestiya.ru” verib. 

“Hüquq-mühafizə orqanları “kriminal oliqarx din xadimlərinin” Ermənistan Respublikasında sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək üçün böyük və hiyləgər planının qarşısını alıblar”, – o, Teleqram kanalında yazıb.

Ölkənin İstintaq Komitəsi “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanı və onun tərəfdarlarını hakimiyyəti ələ keçirməyə yönəlmiş terrorizmdə ittiham edib.

Departamentin saytında deyilir : “Müqəddəs mübarizə” adlı hərəkatın iştirakçıları və liderləri Ermənistanda terror aktları və hakimiyyəti ələ keçirməyə yönəlmiş aksiyalar həyata keçirməyi planlaşdırırdılar”.

İyunun 21-də Paşinyan Ermənistanda Zəngəzur dəhlizi layihəsinin fəaliyyətini dayandıracağını və onun yerinə “Dünyanın kəsişməsi”nin dəstəklənəcəyini bildirib. O qeyd edib ki, Türkiyə və Azərbaycan nümayəndələrinin Ermənistan ərazisindən keçməməsi üçün heç bir səbəb görmür. Onun sözlərinə görə, “Dünyanın kəsişməsi” nəqliyyat tranzitinin mümkünlüyünü nəzərdə tutur.

P.ƏMİRCANOV
XQ

Dünya