Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haaqada NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşüb. Məlumatı “Anadolu” yayıb.
Prezidentlərin görüşü Niderland Kralı Villem-Aleksandr və xanımı tərəfindən NATO-nun Haaqada keçirilən dövlət və hökumət başçılarının sammitində iştirak edən liderlər və onların həyat yoldaşlarının şərəfinə verilən nahardan sonra baş tutub.
Prezidentlər arasında danışıqlar mətbuata bağlı qapılar arxasında baş tutub. Görüş zamanı liderlər Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.
Prezident Ərdoğan iki ölkənin müxtəlif sahələrdə, xüsusilə enerji və investisiya sahəsində böyük potensiala malik olduğunu bildirib. O deyib ki, əməkdaşlığın inkişafı, xüsusən də müdafiə sənayesi sahəsində əlaqələr ümumi ticarətin 100 milyard dollarlıq hədəfə çatmağa kömək edəcək.
Türkiyənin dövlət başçısı Trampın səyləri nəticəsində İsrail və İran arasında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb. Ərdoğan bunun daimi olmasını arzulayıb və Qəzzada humanitar faciəyə tez bir zamanda son qoyulması və Rusiya ilə Ukrayna arasındakı müharibənin sülh yolu ilə həlli üçün sıx dialoqun vacibliyini vurğulayıb.
NATO-nun aparıcı müttəfiqləri kimi iki lider alyansın çəkindirici gücünü gücləndirmək üçün gələcək addımların atılmasının vacibliyini vurğulayıblar.
P.ƏMİRCANOV
XQ