“Ankara dünya nizamında vacib diplomatik oyunçudur”

post-img

Böyük Britaniyanın sabiq səfiri Ərdoğanın xarici siyasətini belə dəyərləndirib

Bu günlərdə “TRT Global” telekanalının saytında nüfuzlu böyük britaniyalı diplomat, publisist İon Proudun “Ərdoğan parçalanmış dünya nizamında əsas güc vasitəçisi kimi ortaya çıxır” adlı analitik yazısı yerləşdirilib. Məqalənin aktuallığını nəzərə alaraq onu qısa ixtisarlara təqdim edirik:

“Qərb diplomatiyası zəiflədikcə, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəni Ukraynadan tutmuş Yaxın Şərqə qədər, şəxsi iştirak və strateji müstəqilliklə dəstəklənən qlobal sülh səylərində əsas aktor kimi yerləşdirir.

Diplomatik irəliləyişlər, adətən, o halda baş verir ki, dövlət xadimləri rəqabət aparan ölkələr arasında kompromis əldə etmək üçün az vaxt sərf edirlər. Mayın 16-da İstanbulda başlayan Rusiya–Ukrayna danışıqları Prezident Ərdoğanın şəxsi iştirakı olmadan baş tutmayacaqdı. Qərbin diqqətinin getdikcə bölündüyü bir vaxtda Ankara yenidən vacib diplomatik oyunçu kimi önə çıxdı.

Ukrayna və Rusiya arasında 3 il əvvəl İstanbulda yarımçıq qalan birbaşa dialoqun bərpa olunması şübhəli görünürdü. Qlobal mediada aramsız ittihamlar və əks-ittihamlar artmaqda idi. İstanbul görüşünə Ukrayna Prezidenti Volodimir Zelenski, nəhayət, “prezident Tramp və prezident Ərdoğana hörmət edərək” Türkiyəyə danışıqlar heyətinin göndərilməsinə razılıq verdi.

Ağır müharibə edən tərəflər arasında mümkünsüz görünən dialoqun davam etdirilməsi böyük uğur sayıla bilər. Bu, regionda gedən proseslərdən təcrid olunmuş adi, təsadüfi bir uğur deyil, Türkiyənin artan diplomatik iddialarınıı və Ərdoğanın dünya səhnəsində fəaliyyət göstərən dövlət xadiminə çevrilməsini əks etdirən daha geniş modelin bir hissəsidir.

D.Tramp ABŞ-ın yenidən dövlət başçısı seçiləndən sonra deyib: “Prezident Ərdoğan ağıllı adamdır, onunla yaxşı anlaşıram”. İki lider bundan sonra Suriya və Qəzza da daxil olmaqla, Türkiyənin diplomatik imkanlarını daha da genişləndirəcək sahələrdə gələcək əməkdaşlığı müzakirə ediblər.

Ərdoğanın aparıcı beynəlxalq dövlət xadimi kimi ortaya çıxması strateji atributların, suveren çevikliyin və nəticəyə yönəlmiş diplomatik yanaşmanın birləşməsini əks etdirir.

Türkiyənin coğrafiyası, əhalisi, iqtisadi nüfuzu və hərbi potensialı əsas strateji sərvətlərdir. BVF-nin məlumatına görə, 2025-ci ildə Türkiyə G20-də İslam ölkələri arasında ən böyük iqtisadiyyata sahibdir. O, həmçinin güclü və təcrübəli qlobal qurumlar tərəfindən dəstəklənir və ABŞ-dan sonra NATO-nun ən böyük ordusuna sahibdir.

Bir vaxtlar bu atributlardan bəzilərini paylaşan Böyük Britaniya indi Avropa və Amerikanı ayıran qütbləşmə arasında sıxılaraq, aktuallığını təsdiqləmək üçün mübarizə aparır.

Ərdoğanın yanaşmasının mərkəzində “Yurdda sülh, dünyada sülh” prinsipinə əsaslanan xarici siyasət dayanır. Əvvəlcə Atatürk tərəfindən ifadə edilən bu doktrina daxili sabitliyi beynəlxalq əlaqənin əsası kimi görür.

İngiltərədən Almaniyaya, Fransadan Rumıniyaya qədər Avropa dövlətləri siyasi təlatümlərə məruz qalır. Ukraynada vəkalət müharibəsinin təşviqi qitədə iqtisadi inkişafı zəiflətdi və siyasi nifaq toxumları səpdi. Türkiyə kimi regional güclər istər Ukraynada, istər Suriyada, istərsə də qlobal ticarətdə mürəkkəb qlobal problemlərin həllində daha təsirli rol oynamağa başladıqca, Fransa, Almaniya kimi dövlətlər kənarda qaldı. Onların səsi beynəlxalq tribunalardan eşidilmədi.

Avropa liderlərindən fərqli olaraq, Ərdoğan blok konsensusu və ya ən aşağı ortaq məxrəc diplomatiyasının öhdəlikləri ilə bağlı deyil. O, Avropa və Asiyanın kəsişməsində yerləşən qüdrətli suveren dövlətin başçısı kimi tez və qətiyyətlə hərəkət edə bilir.

Trampın ikinci dönüşü ilə Avropanın beynəlxalq məsələlərdə əvvəlki çəkisini qoruyub saxlamadığı bir vaxtda, ABŞ Türkiyə ilə daha etibarlı və çevik tərəfdaş kimi işləməyə getdikcə daha həvəsli görünür.

Son illərdə Ərdoğan dünyanın ən mürəkkəb diplomatik çağırışlarından bəziləri ilə bağlı nəzərəçarpacaq nəticələr əldə edib.

Diqqətəlayiq nümunələrdən biri 2022-ci ilin iyulunda qlobal ərzaq qiymətlərinin sürətlə yüksəldiyi bir dönəmdə Ankaranın vasitəçilik etdiyi Qara dəniz taxıl təşəbbüsüdür. BMT-nin Baş katibi Antonio Quterreşin də dəstəyi ilə İstanbulda əldə edilən razılaşma, Ukraynadan taxıl ixracını asanlaşdırdı

2024-cü ildə Türkiyə Somali və Efiopiya arasında Ankara Sazişinə vasitəçilik etdi. Bu, Efiopiyaya iqtisadi dirçəlişi təmin etmək üçün Qırmızı dəniz limanlarına girişini mümkün edən, Somalinin isə separatçı hücumlarla ilə bağlı narahatlıqlarını həll edən iddialı bir razılaşma idi. Türkiyə həmin il Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsinin asanlaşdırılmasında da mühüm rol oynayıb.

R.T.Ərdoğan həm də uzun müddətdir davam edən regional münaqişələrin həllində potensial transformasiya rolunu oynayır. 40 illik zorakılıqlardan sonra PKK terror qruplaşması Türkiyə ilə daha geniş sülh təşəbbüsünün bir hissəsi olaraq, silahlı qarşıdurmadan imtina edir. Bəşər Əsədin devrilməsindən sonra Suriyanın beynəlxalq təcriddən çıxması regional tarazlığın yenidən formalaşmasına imkan yaradır.

Türkiyə Ukrayna və Rusiya ilə yaxşı münasibətləri olan və “hamı ilə danışa bilən, lakin heç kimə bağlı olmayan” çox az ölkələrdən biridir. XXI əsrin əvvəlləri dünya ictimaiyyəti Qərb dünyasında dövlət xadimliyinin fəlakətli “buxarlanması”nın şahidi oldu. İstər Qəzzadakı “soyqırımı”n həllində, istərsə də Ukraynada dağıdıcı müharibənin dayandırılmasında Qərb siyasi liderləri, bütövlükdə, bəşəriyyətin xeyrinə olan nəticələri axtarmaq əvəzinə, tərəfləri seçməyə çalışıblar.

Ərdoğan, əksinə, Türkiyəni diplomatik çağırışlara diqqətlə yanaşıb, qarşılıqlı hörmət və mümkün olan güzəştlər vasitəsilə fikir ayrılıqlarını aradan qaldırmağa çalışır.

İstənilən davamlı sülh hər iki tərəfin ədalətli nəticə əldə etdiklərini hiss etməsindən asılıdır. Avropa siyasətçiləri Ukraynada dəfələrlə bu həqiqəti gözdən qaçırıblar. Bu arada Tramp administrasiyası Baydenin ağır mirasından və ondan əvvəl Obama dövrünün normativ xarici siyasətindən imtina edərək, Ankaraya münasibətdə daha realist yanaşmaya üstünlük verir.

Güman ki, bu dəyişiklik Türkiyənin regional sabitliyin mühüm dayağı kimi statusunu gücləndirəcək. Bəli, bir daha vurğulayaq ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda bir masa arxasına qayıtmalarına nail olması Ərdoğanın pərdə arxasında davamlı, səbirli səyləri nəticəsində mümkün olan böyük diplomatik uğurdur.

Təqdim etdi:
Məsaim ABDULLAYEV
XQ

Dünya