Türkiyənin aidiyyəti qurumlarının rəhbərləri dünən Mərmərə dənizinin İstanbul sahillərinə yaxın ərazisində baş verən zəlzələlərdən sonrakı vəziyyətlə bağlı mətbuata açıqlama veriblər.
AZƏRTAC xəbər verir ki, ölkənin daxili işlər naziri Ali Yerlikaya İstanbulda dünən baş verən zəlzələdən sonra gecə 101 min vətəndaşın sığınacaq tələbinin qarşılandığını bildirib.
Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum isə qeyd edib ki, zəlzələdən sonra 1399 bina ilə bağlı müraciət daxil olub, 7 binada qismən ziyan qeydə alınıb. Orta və ağır dərəcədə zərər görmüş bina yoxdur. Əhalinin 70 faizi zəlzələ bölgəsində yaşayır. Hazırda 28 min 500 dövlət binası araşdırılır, xəstəxanaların yoxlaması bu gün tamamlanacaq.
İstanbulun əsas probleminin zəlzələ bölgəsində yerləşməsi olduğunu söyləyən nazir deyib ki, şəhərdə 1,5 milyon riskli bina var və son 13 ildə yalnız 923 min müstəqil bölmənin yenilənməsi həyata keçirilib. Hazırda özəl sektor da daxil olmaqla, 209 min ev və iş yerinin yenidən qurulması davam edir. Yenidənqurma fəaliyyətləri çərçivəsində 41 min mənzil sahibi ilə danışıqlar aparılır, 21 min mənzil isə artıq yenidən inşa olunur.
Səhiyyə naziri Kemal Memişoğlu da açıqlama verib. Onun sözlərinə görə, hazırda xəsarətlərlə bağlı 55-i İstanbulda olmaqla, 60 nəfərin müalicəsi davam edir.