Dünən səhər saatlarında təkcə dünya katoliklərini deyil, bütün bəşəriyyəti üzən kədərli bir xəbər yayılıb. Müqəddəs Taxt-Tacın başçısı, görkəmli din xadimi Roma Papası Fransiskin 88 yaşında vəfat edib. Kardinal Farrell bu barədə açıqlamasında bildirib: “Əziz qardaşlar və bacılar, böyük kədər hissi ilə müqəddəs atamız Fransiskin vəfatını elan etməliyəm. Roma yepiskopu Fransisk bu gün saat 07:35-də canını tapşırıb. Onun bütün həyatı Tanrıya və onun kilsəsinə xidmətə həsr olunub”.
Qeyd edək ki, əsl adı Xorxe Mario Berqolyo olan pontifik 12 il əvvəl səhhətində yaranan problemlərə görə taxtdan imtina etməyə qərar verən XVI Benediktin yerinə Müqəddəs Pyotr taxtına seçilib.
Mərhum Papa Argentinada doğulub. O, papalıq tarixində ilk qeyri-avropalı idi. Son aylarda pnevmoniya xəstəliyindən əziyyət çəkirdi.
Papa Fransisk tarixin ən mütərəqqi və islahatçı pontifiklərindən biri kimi yadda qalacaq. O, dinlər arasında dialoqu, ətraf mühitin mühafizəsini, yoxsullara və imkansızlara yardımı fəal şəkildə müdafiə edirdi.
Ölümündən cəmi bir gün əvvəl, aprelin 20-də Papa Müqəddəs Pyotr meydanında Qəzza zolağı və Ukraynadakı vəziyyətdən narahat olduğunu dilə gətirərək tərəfləri sülhə çağırıb. Bu sözlər bir növ onun mənəvi vəsiyyəti olub.
Roma qəzetləri yazırlar ki, papalar, adətən, Vatikan qrotlarında – Müqəddəs Pyotr kilsəsinin altındakı kriptalarda dəfn edilir. Lakin Papa Fransisk vəsiyyət edib ki, onu Romanın Eskvilino rayonundakı Santa-Mariya-Maccore bazilikasında dəfn etsinlər. Yeddi papa – 1216-cı ildə III Honoridən 1669-cu ildə IX Klementə qədər – orada dəfn ediliblər.
Roma Papası Fransisk böyük nüfuz sahibi idi. Hesab olunur ki, onun simasında beynəlxalq birlik və dünya katolikləri həyat amalı bəşəriyyətin əmin-amanlığı naminə fədakarcasına xidmət olan parlaq din xadimini, yüksək mənəvi keyfiyyətlərə malik böyük şəxsiyyəti itirdilər.
Xatırladaq ki, zati-müqəddəsləri Fransisk həzrətlərinin Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində misilsiz xidmətləri olub. Dünyanın əksər dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, mədəniyyət xadimləri Roma Papasının vəfatı münasibəti ilə çox sayda başsağlığı teleqramları göndəriblər. Azərbaycan Prezidenti İlham Əliyevin Fransisk həzrətlərinin vəfatı ilə bağlı məktubunda deyilir:
“Onunla görüşlərimi, səmimi ünsiyyətimizi həmişə ən xoş təəssüratla xatırlayacağam. Roma Papası Fransiskin əziz xatirəsi və zəngin mənəvi irsi qəlblərdə və hafizələrdə daim yaşayacaq”.
M.HACIXANLI
XQ