Türkiyə regiondakı bütün ziddiyyətlərin dialoq yolu ilə nizamlanması tərəfdarıdır. Məqsədimiz arzuolunmaz hadisələrə yol verməmək və Ankaranın maraqlarına zidd status-kvonun qarşısını almaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Güler Silahlı Qüvvələrin qoşun növləri komandanlarının iştirakı ilə keçirilən müşavirədə deyib.
Nazir qeyd edib ki, Türkiyə ordusu üzərinə düşən vəzifələri yerinə yetirdiyi bütün bölgələrdə sabitliyə və sülhə töhfə verməkdə davam edir.
Y.Güler bildirib: “Liviya və Somalidə, Qara və Aralıq dənizlərində Silahlı Qüvvələrimizə həvalə edilmiş missiyalar, Avropa təhlükəsizlik arxitekturasında iştirak etməyimiz müasir Türkiyənin təhlükəsizliyə töhfə verən qlobal amil olduğunu göstərir. NATO və digər beynəlxalq missiyalar çərçivəsində bütün tapşırıqları şərəflə yerinə yetiririk”.
Milli müdafiə naziri çoxsaylı təlimlər vasitəsilə Türkiyə hərbçilərinin peşəkarlıq səviyyəsinin artırılmasına diqqət çəkib.
Türkiyəli nazir daha sonra PKK terror təşkilatının tərksilah edilməsi və özünü ləğv etməsi mövzusuna toxunub.
O, Suriya da daxil olmaqla regionda davam edən antiterror əməliyyatlarına diqqət çəkərək bildirib: “Silahını yerə qoymaqdan imtina edən istənilən struktur Türkiyə Silahlı Qüvvələrinin qanuni hədəfidir”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara