Britaniya ABŞ-ın tariflərindən yayınmaq üçün danışıqlar aparır

post-img

Böyük Britaniya Birləşmiş Ştatlarla ticarət gərginliyinin artmasını istəmir və ABŞ-ın tətbiq etdiyi yeni tariflərdən azad olmaq üçün Vaşinqtonla intensiv danışıqlar aparır.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Reyçel Rivz açıqlama verib.

ABŞ Prezidenti Donald Tramp qlobal ticarət müharibəsini daha da genişləndirərək idxal olunan avtomobillərə 25 faizlik tarif tətbiq edəcəyini bəyan edib. Bu addım ABŞ-ın bir sıra müttəfiqləri tərəfindən sərt tənqid və qarşılıqlı tədbirlərlə hədələnib.

“Biz hazırda ticarət mübahisəsini daha da gərginləşdirmək niyyətində deyilik. Ticarət müharibələri heç kimə xeyir gətirmir”,- deyə o bildirib.

Nazirin sözlərinə görə, tariflərin artırılması həm Britaniya, həm də ABŞ üçün ziyanlıdır: “Məhz buna görə də qarşıdakı günlərdə yaxşı bir razılaşma əldə etmək məqsədilə ABŞ-la intensiv şəkildə işləyirik”,- deyə nazir qeyd edib.

 

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Dünya