Hər il yanvarın 27-də beynəlxalq ictimaiyyət dəhşətli Holokost qurbanlarının xatirəsini ehtiramla yad edir və antisemitizm, irqçilik, hər hansı qrupa qarşı zorakılığa səbəb ola biləcək digər dözümsüzlük formalarına qarşı sarsılmaz sadiqliyini bir daha təsdiqləyir. Bu tarix 27 yanvar 1945-ci ildə Alman faşistlərinin Birkenau konsentrasiya düşərgəsinin sovet qoşunları tərəfindən azad edilməsinin ildönümü ilə bağlı qeyd edilir. 2005-ci ilin noyabrında Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən Holokost Qurbanlarının Xatirəsini Beynəlxalq Anma Günü rəsmən elan edilib.
AZƏRTAC xəbər verir ki, bu gün Birkenau nasist konsentrasiya düşərgəsinin azad edilməsinin 80-ci ildönümü qeyd olunur. Təkcə bu nəhəng kompleksdə əksəriyyəti yəhudi olmaqla bir milyondan çox insan öldürülüb. Bu mühüm ildönümünü və Holokost Qurbanlarının Xatirəsini Beynəlxalq Anma Gününü qeyd edən UNESCO qlobal miqyasda bu dəhşətli faciənin qurbanlarının xatirəsini anma tədbirləri təşkil edir.
Holokost nasist cinayətlərinin törədildiyi ölkələrə dərindən təsir edib və dünyanın bir çox başqa yerlərində universal nəticələrə səbəb olub. BMT-yə üzv dövlətlər soyqırımından 80 ilə yaxın müddət sonra belə qalan psixoloji travmanın aradan qaldırılması, effektiv xatırlama siyasətinin saxlanması, tarixi yerlərə qayğı və təhsil, sənədləşdirmə və tədqiqatın təşviqi üçün kollektiv məsuliyyəti bölüşürlər. Bu məsuliyyət gənclərin nifrət ideologiyalarına qarşı müqavimətini gücləndirmək üçün belə cinayətlərin səbəbləri, nəticələri və dinamikası haqqında maarifləndirmə işini nəzərdə tutur. UNESCO qeyd edir: “Bir neçə regionda soyqırımı və vəhşi cinayətlər baş verdiyi, habelə antisemitizmin və nifrət ritorikasının qlobal artımının şahidi olduğumuz üçün hesab edirik ki, bu tədbirlər heç vaxt indiki qədər aktual olmayıb”.