Bloomberg məlumatlı mənbəyə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio gələn həftə Panamaya səfər etmək niyyətindədir. Bu, onun yeni vəzifəsində ilk xaricə səfəri olacaq. ABŞ Dövlət Departamenti rəhbərinin səfəri ABŞ prezidenti Donald Trampın Panama kanalına “nəzarəti geri almaq” zərurəti ilə bağlı bəyanatları fonunda baş tutacaq.
Mənbənin məlumatına görə, dövlət katibi Qvatemala, Salvador və Kosta-Rikaya da səfər etməyi planlaşdırır. Mənbə qeyd edib ki, cənab Rubio ABŞ prezidentinin ənənəvi olaraq iştirak etdiyi Qərb yarımkürəsi ölkələrinin sammitinin keçiriləcəyi Dominikan Respublikasına da gələcək.
Nəşr qeyd edir ki, ABŞ dövlət katibi vəzifəsinin icrasına başladıqdan sonra adətən ilk səfərini ABŞ-ın geosiyasi baxımdan mühüm müttəfiqi olan ölkəyə edir. Məsələn, onun sələfləri Antoni Blinken və Reks Tillerson öz səlahiyyətlərinə müvafiq olaraq Yaponiya və Almaniyaya səfərlərlə başlamışdılar.
Donald Tramp yanvarın 20-də inauqurasiya nitqində deyib ki, “Amerika gəmiləri həddindən artıq yüklənir və onlara ədalətli münasibət göstərilmir”. O vurğulayıb ki, hazırda Panama kanalı Çin tərəfindən idarə olunur və "biz onu Çinə yox, Panamaya verdik". ABŞ prezidentinin bəyanatlarından sonra Panamanın BMT-dəki daimi nümayəndəliyi BMT-nin baş katibi Antonio Quterreşə şikayət ünvanlayıb.
S.ELAY
XQ