Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian Qərbin sanksiyaları qarşısında ikitərəfli münasibətləri gücləndirmək məqsədilə strateji tərəfdaşlıq sazişi imzalayıblar. Putin iranlı həmkarını salamlayaraq, iki ölkə arasında ticarət dövriyyəsinin artımını qeyd edib, nüvə enerjisi sahəsində əməkdaşlığı yüksək qiymətləndirib: “Sazişin imzalanması ticari-iqtisadi əlaqələrin inkişafına töhfə verəcək. Hazırda onların tempi “məqbuldur”.
2024-cü ilin ilk 10 ayında ölkələr arasında ticarət dövriyyəsi 15 faiz artıb. Müxtəlif sahələrdə, o cümlədən nüvə enerjisi üzrə layihələr davam edir. Bizim enerji və logistika sektorunda yaxşı perspektivlərimiz var”.
İki ölkə arasında enerji sahəsində layihələrdən biri qaz nəqli ilə bağlıdır. Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu ilə bağlı razılığa gəliblər və tədarükün qiymətinin razılaşdırılması üzrə danışıqlar yekun mərhələdədir. Bildirilib ki, həcmlər artıq müəyyən edilib. Qiymət kommersiya məsələsidir, ona görə də hər iki tərəfdən işçi qrupları yaradılıb və mütəxəssislər qiymət müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlayırlar.
Bundan əvvəl, Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Rusiyadan İrana qaz kəmərinin çəkilməsi üzrə işlər davam edir, birinci mərhələdə tədarük potensial olaraq 2 milyard kubmetr təşkil edəcək və perspektivdə bunu 55 milyard kubmetrə çatdırmaq imkanı var.
2025-ci il yanvarın 1-dən etibarən Ukrayna Rusiya qazının Avropaya tranzitini dayandırdıqdan sonra bu marşruta maraq artıb. Belə bir vəziyyətdə Rusiya öz qazına bazar tapmaq üçün alternativ mənbə kimi İrana üstünlük verir. Bundan sonra, Rusiya qazının Hindistana tədarükü də mümkündür. İmzalanmış sazişdə də Rusiya qazının İrana nəqli öz əksini tapıb. Bu layihənin həyata keçirilməsi, Azərbaycanın enerji marşrutunda tranzit rolu ölkəmizin enerji bazarındakı strateji mövqeyini gücləndirəcək.
Rusiya ilə İran arasında böyük əhəmiyyət kəsb edən layihələrdən biri də logistika sektoruna aid olan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. Rusiya lideri bildirib ki, “Şimal-Cənub” dəhlizinin inkişafı Rusiya və İran arasında nəqliyyat əməkdaşlığı üçün yeni imkanlar açır. Onun sözlərinə görə, Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı müzakirələr davam edir. Bu lahihənin həyata keçirilməsi isə Moskva üçün sanksiyalardan yan keçmək baxımından son dərəcə vacibdir. Bu səbəbdən Rusiya Federasiyası İranın nəqliyyat infrastrukturuna milyardlarla dollar sərmayə qoyub. Bu barədə “The Japan Times” nəşri yazıb: “Şimal-Cənub” dəhlizinin üstünlüyü onun Qərbin müdaxiləsindən coğrafi təcrid olunmasıdır. Dəhlizin formalaşmasında iştirak edən Rusiya öz mallarını Asiyaya ixrac etmək imkanı ilə yanaşı, tranzit gəlirlər də əldə edəcək. Bu beynəlxalq layihə yeni xidmət növlərinin açılmasına, iş yerlərinin yaradılmasına, ölkənin büdcəsinə əlavə gəlirin gəlməsinə, iqtisadi inkişafa böyük təkan verəcək. Bu səbəbdən Rusiya İranın nəqliyyat infrastrukturuna milyardlarla dollar sərmayə qoyur”.
Avrasiya İnkişaf Bankının məlumatında isə bildirilir ki, həm Mərkəzi Asiya, həm də Xəzər dənizini əhatə edən dəhlizin gücü 2030-cu ilə qədər 85 faiz artaraq ildə 35 milyon metrik tona çata bilər. İstənilən halda “Şimal–Cənub” dəhlizi Rusiyanı İran və Hindistanla, ola bilsin ki, Cənubi Asiya, Fars körfəzi və Afrika ölkələri ilə birləşdirəcək. Gələcəkdə, Azərbaycanın və Rusiyanın fəal şəkildə inkişaf etdirdiyi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimal Dəniz Yolunu Hind okeanı ilə birləşdirəcək. Bəs ölkəmizin bu dəhlizdən qazancı nə olacaq? Belə olan halda Azərbaycan şirkətləri yeni marşruta daxil olaraq, onu mənimsəməklə nəinki alternativ və etibarlı təchizat marşrutu əldə edəcək, həm də irimiqyaslı nəqliyyat dəhlizinin inkişafının iştirakçılarına çevrilə bilərlər. Bu amil dövlət büdcəsinə əlavə vəsait gəlməsi ilə yanaşı, iş adamlarının fəaliyyətini stimullaşdıracaq, ölkənin ixrac potensialını artıracaq.
Bəs strateji tərəfdaşlıq sazişi daha hansı sahələri əhatə edir? Sənəd enerji, logistika sektorlarından başqa, həm də müdafiə, terrorla mübarizə, maliyyə, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya daxil olmaqla, bütün sahələri əhatə edir. Həmin sahələr isə birbaşa bu 2 dövlətin maraqlarına xidmət edir və Qərbin sanksiyaları qarşısında ikitərəfli münasibətləri gücləndirmək üçün şərait yaradır. Ən önəmlisi Rusiya və İran arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsidir. Hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək üçün tərəflər müvafiq işçi qurumlarının illik iclaslarının keçirilməsi barədə razılığa gəliblər. Bundan əlavə, müqaviləyə əsasən, dövlətlərdən biri təcavüzə məruz qalsa, qarşı tərəf təcavüzkara yardım etməyəcək. Qeyd olunur ki, müdafiə sahəsində əməkdaşlıq, hərbi gəmilərin müqavilə tərəflərinin limanlarına daxil olması, hərbi kadrların hazırlanması, kursant və müəllimlərin mübadiləsi də daxil olmaqla, geniş spektrli məsələləri əhatə edir.
İranın xarici işlər naziri Abbas Əraqçi yanvarın 15-də bununla bağlı vurğulayıb ki, Rusiya və İran İslam Respublikası arasında hərtərəfli tərəfdaşlıq sazişi Moskva və Tehran arasında hərbi ittifaqın yaradılmasını ehtiva etmir, baxmayaraq ki, sənəddə müdafiə və təhlükəsizliklə bağlı müddəalar var.
Həmçinin vurğulanıb ki, Rusiya və İran terrorizm və digər qlobal təhdidlərlə mübarizədə mövqeləri əlaqələndirmək və ümumi səyləri inkişaf etdirmək niyyətindədir. Moskva və Tehran kosmosun dinc məqsədlərlə tədqiqi və işlənilməsi sahəsində birgə əməkdaşlığı, fikir və təcrübə mübadiləsini genişləndirəcək. Bundan əlavə, iki dövlət səhiyyə və elm, o cümlədən tibbi tədqiqatlar və kadr hazırlığı sahələrində də əməkdaşlıq edəcək. Eyni zamanda, Moskva və Tehran Xəzər regionu, Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərqdə sülh və sabitliyin möhkəmləndirilməsi üçün birgə tədbirlər görəcəklər.
Müqavilə 20 il müddətində qüvvədə olacaq və 5 ildən bir avtomatik olaraq uzadılacaq.
Qeyd edək ki, Pezeşkianın Moskvaya səfəri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən üç gün əvvəl baş tutub. O, Tehrana qarşı daha sərt mövqe tutacağını vəd edib və İrana qarşı “maksimum təzyiq strategiyası”na, o cümlədən irimiqyaslı yeni sanksiyalar paketinə qayıtmağı vəd edib.
P.ƏFƏNDİYEV
XQ