Xocalılılar yaşdadıqları faciələrin nişanələrini muzeyləşdiriblər
Gəncə şəhərinin yaxınlığında, əsasən, Xocalı, Kəlbəcər və Laçın rayonlarından olan keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdırıldığı bir qəsəbə var. Yan-yana sıralanmış müasir tipli evlərin damları qırmızı fin dəmiri ilə örtüldüyü, fasadları yenə eyni rəngdə xırda kərpiclərlə üzləndiyi üçün “qırmızı qəsəbə” də deyirlər adına. Dövlət burada vaxtilə Ermənistanın işğalçılıq siyasətinin qurbanına çevrilmiş vətəndaşları üçün hər şərait yaradıb: böyük, müasir orta məktəb binası, uşaq bağçası, tibb məntəqəsi, poçt...
Və yan-yana sıralanmış evlərdən biri muzey üçün uyğunlaşdırılıb. Xocalılıların özləri kimi başı çox qeylü-qallar çəkmiş Yaloba tarix-diyarşünaslıq muzeyi məhz həmin evdə yerləşir. İlk dəfə Beynəlxalq muzeylər günündə olmuşdum burada. Qərara gəlmişdim ki, sələfi işğal altında qalmış, eksponatları ermənilər tərəfindən ələ keçirilmiş, ancaq əməkdaşlarının fədakarlığı sayəsində yenidən fəaliyyətini bərpa etmiş bu muzey barəsində mütləq yazmalıyam.
Elə bu məqsədlə də yenidən üz tutdum Xocalının ilk və hələ ki, yeganə olan tarix-diyarşünaslıq muzeyinə – Qarabağ Regional Mədəniyyət İdarəsi Xocalı rayon Yaloba kənd tarix-diyarşünaslıq muzeyinə. Cəmi 9 əməkdaşın çalışdığı muzeyin yaradıcısı və direktoru Tofiq Məmmədov bizi mehribanlıqla qarşıladı, rəhbərlik etdiyi mədəniyyət ocağının tarixi haqqında ətraflı məlumat verdi. Öyrəndik ki, hər eksponatın özünün bir tarix olduğu muzeyin yaranma tarixi Qarabağda erməni separatizminin baş qaldırdığı dövrlə, ötən əsrin 80-ci illəri ilə yaşıddır. Elə Xocalının ucqar dağ kəndinin sakinində muzey yaratmaq ideyası da çörəyimizə-suyumuza naxələf çıxmış ermənilərin torpaq iddialarından sonra yaranıb. T.Məmmədov həmin dövrü belə xatırladı:
– Erməni daşnakları gündən-günə azğınlaşır, kəndlərimizə hücum edirdilər. Dədə-babalarımızın minillərdir yaşadıqları torpaqlara göz dikmişdilər ki, guya bu yerlər onların olub. Mən də həmin vaxt tariximizi özündə yaşadan qədim əşyaları, xalçaları toplayıb muzey yaratmaq qərarına gəldim. Çünki erməni yalanlarına ən gözəl cavab elə həmin eksponatlar idi. Necə deyərlər, kəndbəkənd düşüb, bir-bir evlərin qapısını döydüm, 3 ildən artıq müddətdə 800 adda 2500 ədəd eksponat topladım. Bütün bu işləri şəxsi təşəbbüsümlə, öz vəsaitim hesabına görürdüm. Nəhayət, çoxsaylı müraciətlərimdən sonra 1991-ci il aprelin 19-da mədəniyyət nazirinin əmri ilə Yaloba tarix-diyarşünaslıq muzeyi yaradıldı.
Ancaq ağır zəhmət bahasına toplanmış eksponatların taleyi qara gətirib. Öz yerində-yurdunda cəmi bir ildən bir az artıq fəaliyyət göstərən muzey də Xocalı şəhəri və rayonun kəndləri kimi erməni faşistlərinin qurbanına çevrilib, qiymətli muzey materialları, nənələrimizin göz nuru Qarabağ xalçaları düşmənin əlinə keçib. Sonrakı mərhələdə ermənilərin həmin eksponatları “erməni irsi” kimi təqdim etdikləri şübhə doğurmur. Bəs muzey daha əvvəl niyə başqa yerə köçürülməyib, xilas edilməyib? Səbəb həmin vaxt Azərbaycana rəhbərlik etmiş səriştəsiz siyasətçilərin qoyduqları qadağalar olub.
Direktor muzeyin “ikinci həyatı” haqqında da məlumat verdi:
– Ümummilli lider, xalqımızın xilaskarı Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra məcburi köçkünlərə də münasibət dəyişdi, diqqət və qayğı artdı. Həmin dövrdə bizə təklif olundu ki, ya müəssisənin fəaliyyətini davam etdirək, ya da iş “dondurulmaqla” əməkhaqqı ilə təmin olunaq. Çünki muzeyin heç nəyi qalmamışdı. Biz birinci variantı seçdik. Yenə Xocalıdan olan məcburi köçkünlərin evlərini bir-bir gəzərək kimlər ki doğma yurdundan didərgin düşəndə öz əşyalarını gətirə bilib, onlarla görüşdük. Yenidən qədim əşyalar, xalçalar, gəbələr, xurcunlar, saxsı qablar topladıq. Hazırda muzeyin əsas fondunda 187, köməkçi fondunda isə 538 eksponat saxlanılır. Muzeydə, həmçinin Xocalı faciəsinin qurbanlarının, Azərbaycanın Milli qəhrəmanlarının şəkillərinin toplandığı xatirə guşələri, əl işləri də sərgilənir. Qəsəbədəki təhsil müəssisələrinin əməkdaşları, şagirdlər tez-tez muzeyimizə qonaq gəlirlər. Bu da xüsusilə gənc nəslə vətənpərvərlik ruhunun aşılanması baxımından çox önəmlidir.
...Fürsətdən istifadə edib mədəniyyət ocağının çox da böyük olmayan zallarını biz də gəzdik. Muzeyin elmi işçisi Mirəli Mirzalılı, muzey bələdçiləri hər eksponat barədə sevgiylə, şövqlə məlumat verdilər. Hər biri özündə tariximizin kiçik bir hissəsini yaşadan eksponatlarla tanış olduqca, insan sanki keçmişlərə qayıdır. Elə bil ağbirçək nənəmizin kirkidi əlində hananın qarşısında oturaraq nəvələrinə şirin nağıllar danışa-danışa gözəl Qarabağ xalçası toxuduğu gözlərimiz önündə canlanır. Görəsən, bu eksponatlar, bu xalçalar danışa bilsəydilər, bizlərə daha nələrdən söhbət açardılar?
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə Vətən müharibəsində və 2023-cü il 19-20 sentyabrda Qarabağda erməni separatçılarına qarşı keçirilmiş antiterror tədbirlərində qazandığımız şanlı qələbələrdən sonra xocalılılar böyük qürur və sevinc hissi ilə öz doğma ata-baba yurdlarına qayıtmağa başlayıblar. “Məcburi köçkünlük” həyatı sona çatmaqda olan muzey də Böyük Qayıdışa hazırlaşır.
Ümid edirik ki, Mədəniyyət Nazirliyinin, həmçinin Qarabağ Regional Mədəniyyət İdarəsinin rəhbərliyi Xocalı rayon Yaloba tarix-diyarşünaslıq muzeyinin yeni, daha geniş ünvanda daimi yerləşməsini, eksponatlarla zənginləşdirilməsini xüsusi diqqətdə saxlayacaq. Çünki tariximizə sahib çıxmaq, Xocalının yeganə tarix-diyarşünaslıq muzeyinə qayğı və diqqət həm də o müqəddəs torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna hörmət və ehtiram deməkdir.
Mahir Rəsuloğlu,
XQ-nin Qarabağ müxbiri