Blinken Suriyada inklüziv hökumətin qurulmasını dəstəkləyib

post-img

ABŞ-ın dövlət katibi Antoni Blinken Suriyada hakimiyyətin sülh yolu ilə siyasi keçidinin və inklüziv hökumətin formalaşdırılmasının tərəfdarıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Antoni Blinken və Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Farhan Əl Səud arasında görüşlə bağlı açıqlamasında deyilir.

“ABŞ-ın dövlət katibi suriyalıların rəhbərliyi və nəzarəti altında inklüziv hökumətə sülh yolu ilə siyasi keçidə Birləşmiş Ştatların dəstəyini bir daha təsdiqləyib”, - deyə məlumatda bildirilir.

Antoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə görüşündə Suriyada milli azlıqlar da daxil olmaqla hər kəsin hüquq və azadlıqlarına hörmətlə yanaşılmasının və ölkənin terrorizm üçün baza kimi istifadə edilməməsinin zəruri olduğunu bildirib.

Tərəflər, həmçinin Qəzza sektorunda atəşkəsə nail olunması, bütün girovların azad edilməsi, İsrail və Livan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılaşmaların həyata keçirilməsi üzrə səyləri müzakirə ediblər.

Dünya