“Apple” şirkəti son məhsullarında qanda şəkərin miqdarına qeyri-invaziv metodlarla nəzarət edəcək tətbiqi sınaqdan keçirir.
AZƏRTAC “The Verge” nəşrinə istinadla xəbər verir ki, bu tətbiq artır şirkətin ilkin diabet mərhələsində olan əməkdaşları tərəfindən sınaqdan keçirilib. Eyni zamanda, onlar hazırda bazarda mövcud olan müxtəlif cihazlardan istifadə edərək qan şəkərinin səviyyəsinə nəzarət ediblər və yedikləri qidalarla bağlı qanın tərkibində dəyişiklikləri qeydə alıblar.
İlkin diabet mərhələsi qan şəkərinin səviyyəsinin normadan yüksək olduğu, 2-ci tip diabetin inkişaf riskini artıran metabolik bir vəziyyətdir. Pəhriz və idmanla onu normal səviyyəyə qaytarmaq mümkündür.
“Apple” proqramının ideyası insanlara müxtəlif qida seçimlərinin onların qan şəkəri səviyyələrinə necə təsir edə biləcəyini göstərməkdir. Məsələn, yüksək karbohidratlı qida qəbulu bunun artmasına səbəb ola bilər, lakin eyni qidanı proteinlə birləşdirmək vəziyyəti yumşaldır.
Tətbiq “Apple” şirkətinin qan şəkəri məlumatlarından istifadə edərək hansı alətləri inkişaf etdirə biləcəyini araşdırmaq üçün nəzərdə tutulub. Şirkət digər sağlamlıq xüsusiyyətlərinə diqqət yetirmək üçün onun üzərində işi dayandırıb. Bununla belə, bu işin nəticələrindən gələcək tibbi texnologiya təkliflərində istifadə olunması mümkündür.
Bu ilin əvvəlində “Dexcom” və “Abbott” şirkətləri insulindən istifadə etməyən ilkin mərhələdə olan, habelə xəstəliyi olmayan və 2-ci tip diabet xəstələrini hədəf alan reseptsiz və fasiləsiz qlükoza monitorinqi cihazları buraxıblar. “Startups Nutrisense” və “Levels” adlı cihazlar arıqlamaq və ya müəyyən qidaların qan şəkərinə necə təsir etdiyini öyrənmək üçün insanlara müvafiq məlumatlardan istifadə imkanı verir.
Məlumata görə, “Apple” özü qanda qlükoza səviyyəsini qeyri-invaziv şəkildə izləmək üçün metodu inkişaf etdirməyə təxminən 15 il vaxt sərf edib.
Bu arada, ABŞ Qida və Dərman Agentliyi (FDA) xəbərdarlıq edib ki, istehlakçılar qeyri-invaziv üsullarla qanda qlükoza səviyyəsini ölçən “ağıllı” saat və ya üzüklərdən istifadə etməməlidir. Agentlik bildirib ki, bu cür cihazlardan alınan ölçmələr çox və ya çox az dərman qəbul etmək də daxil olmaqla, diabetin müalicəsində fəsadlara səbəb ola bilər. Rəsmilər qeyri-invaziv ölçmələrin “smartwatch” proqramları vasitəsilə məlumat ötürən davamlı qlükoza monitorinqi (CGM) cihazlarından fərqli olduğunu bildiriblər.