AQFETM-in Baş katibi: Azərbaycan beynəlxalq təşkilatlarda sədrlik üzrə zəngin təcrübəyə malikdir

post-img

Azərbaycan beynəlxalq təşkilatlarda və platformalarda sədrlik üzrə zəngin təcrübəyə malik olan çoxtərəfli diplomatiyanın lideridir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) Baş katibi Kayrat Sarıbay 2024-2026-cı illərdə bu təşkilatda Azərbaycanın sədrliyi ilə bağlı gözləntilərini şərh edərkən deyib.

Kayrat Sarıbay qeyd edib ki, Azərbaycan bir çox beynəlxalq sənədlərin hazırlanmasında fəal iştirak edir və bu səbəbdən onun AQFETM-də qarşıdakı sədrliyi onun rəhbərlik etdiyi təşkilatın gündəliyinin daha zəngin olmasına kömək edəcək.

AQFETM-in Baş katibi deyib: “Bu ilin aprelində Bakıya səfərim zamanı sədrlik çərçivəsində planlaşdırılan tədbirlərlə bağlı ətraflı müzakirələr apardıq. Azərbaycan Respublikasının həm iqtisadi istiqamətdə, həm də bir çox digər sahələrdə zəngin sədrlik proqramı olacaq”.

O, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsinin vacibliyini vurğulayıb. “Azərbaycan iqlim dəyişikliyi ilə bağlı problemlərin həlli üçün qlobal mərkəzə çevrilir”, -deyə Baş katib qeyd edib.

AQFETM-in fəaliyyətindən danışan Kayrat Sarıbay bildirib ki, bu, ilk növbədə, iştirakçı ölkələr arasında dialoqun inkişafına və etimadın möhkəmləndirilməsinə yönəlib. O əlavə edib: “Aydındır ki, bu gün dövlətlərarası münasibətlərdə etimad yoxdur və dialoqumuz onları birləşdirəcək mövzuları müzakirə etmək üçün qurulub”.

Baş katibin sözlərinə görə, AQFETM onunla fərqlənir ki, müəyyən problemlərə və fikir ayrılıqlarına baxmayaraq, dövlətlər dialoq platformasını qoruyub saxlamağa, qarşılıqlı fəaliyyəti davam etdirməyə və ümumi məqsədlərə nail olmağa çalışırlar.

 

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Dünya