ABŞ prezidenti Co Bayden “Helen” qasırğasından ən çox zərər çəkən iki ştata – Şimali və Cənubi Karolinaya səfər edib. Məlumatı “Anadolu” yayıb.
Ağ Ev rəhbəri səfər zamanı bildirib ki, bütün federal və əyalət qüvvələri, eləcə də Amerika xalqı qasırğadan zərər çəkmiş bölgələrin sakinlərinə dəstək verir.
Bayden, zərər çəkmiş bölgələrə 1000 əsgər göndərilməsi barədə əmri verdiyini və fəlakətdən zərər çəkmiş bölgələrin tez bir zamanda bərpa edəcəyini söylədi: “Bütün lazımi dəstək büdcədən ayrılacaq”.
Ağ Ev rəhbəri oktyabrın 3-də qasırğadan əziyyət çəkən Corciya və Florida ştatlarına da səfər etməyi planlaşdırır.
ABŞ-nin vitse-prezidenti Kamala Harris isə qasırğadan zərər çəkmiş Corciya ştatında vəziyyətlə tanış olub.
Bundan əvvəl ABŞ Milli Qasırğa Mərkəzi məlumat vermişdi ki, Helen qasırğası Floridanın şimal-qərb sahillərini vurub, küləyin sürəti saatda təxminən 225 kilometrə çatıb. Qasırğa Corciya, Virciniya, Cənubi və Şimali Karolina, eləcə də Tennessi ştatlarına təsir edib.
P.ƏMİRCANOV
XQ