Serbiya Fransadan “Rafale” alır

post-img

Fransa prezidenti Emmanuel Makron Belqradda serbiyalı həmkarı Aleksandr Vuçiç ilə danışıqlardan sonra bir sıra mühüm əməkdaşlıq sazişinə imza atdı. Bunlardan başlıcası Serbiyanın Fransa istehsalı olan “Rafale” döyüş təyyarələrini almasıdır. Makron səfəri ərəfəsində Belqradı “Rusiyaya qarşı vahid cəbhənin saxlanması”nda iştirak etməyə çağırsa da, cənab Vuçiç ölkəsinin Rusiya ilə yaxın münasibətdən əl çəkmək niyyətində olmadığını açıqladı.

Aleksandr Vuçiç Parisə gəldikdən beş ay keçməmiş Emmanuel Makron Belqrada iki günlük səfərə gəldi. Bu müddət ərzində pre­zidentlər daha iki dəfə – Paris Olimpiadası zamanı və Avropa Siyasi Birliyinin iyulda Böyük Britaniyada keçirilən sammitində görüşmüşdülər. Buna görə də təsadüfi de­yil ki, hər iki ölkədə qarşılıqlı münasibətlər “güclü və mehriban” kimi xarakterizə olu­nur. Politoloqların sözlərinə görə, Makro­nun cümə günü başa çatan səfəri bu tendensiyanı möhkəmləndirdi. İki prezident arasında aparılmış danı­şıqlar nəticəsində tərəflər arasında 11 əməkdaşlıq müqaviləsi imzalan­dı və onların arasında əsas olan 12 ədəd Fransa istehsalı olan “Rafale” qırıcı təyyarəsinin Serbiya tərəfin­dən alınmasına dair razılaşma oldu. Müqavilənin dəyəri 2,7 milyard avrodur. Aleksandr Vuçiç bu razı­laşmanı ötən il elan etmişdi və aprel ayında Parisə səfəri zamanı bununla bağlı prinsipial razılıq əldə olun­muşdu. Cümə axşamı isə Belqradda rəsmi olaraq tamamlandı.

Makron “Rafale” təyyarələri barədə müqaviləni “tarixi hadisə” adlan­dırdı. Jurnalistlərin “Serbiyanın fransız qı­rıcılarını alması Belqradın siyasətində Ru­siyadan Qərbə doğru dönüş deməkdirmi?” sualına Fransa prezidenti dedi ki, bu, Serb siyasətində “strateji dəyişiklik” və “onun Avropa ruhunun sübutudur”: “Bir çox in­sanlar Serbiyanı Rusiya və ya Çinlə tərəf­daşlıq etməkdə günahlandırırlar, lakin indi o, Fransa ilə tərəfdaşlıq qurur və bu, böyük dəyişiklikdir”. Fransa lideri Belqrada uç­mazdan əvvəl Serbiyanın “Politika” nəşri üçün yazdığı məqalədə vurğulamışdı ki, va­hid anti-Rusiya cəbhəsini saxlamaq vəzifəsi indi təcili olaraq bütün avropalıların, o cüm­lədən, serblərin qarşısındadır. 

Jurnalistlərin eyni sualını cavablan­dıran Aleksandr Vuçiç isə daha ehtiyatla cavab verdi. “Rafale” təyyarələrinin alın­masını Serbiya üçün “böyük hadisə” adlan­dıraraq, Belqradın Moskva ilə münasibət­lərlə bağlı “mövqeyini dəyişməyəcəyini” də açıqladı. “Bilirəm ki, Emmanuel bizim Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi­mizi istərdi, lakin biz bunu etmədik və bun­dan utanmırıq”. “Qərb jurnalistləri həmişə deyirlər ki, Serbiyadan şübhələnirlər, onlar ruslarla birgə nəsə etmək istəyirlər. Bunun üçün üzr istəməyəcəyəm. Mən Serbiyanın siyasətindən və BMT Nizamnaməsinə hər zaman hörmətlə yanaşmağımızdan qürur duyuram, xüsusən də söhbət Serbiyanın ərazi bütövlüyündən gedirsə, bunu bir çox Qərb ölkələri haqqında demək mümkün deyil”, – deməklə serbiyalı lider ölkəsinin ərazi bötüvlüyü məsələsində ikili standart­lara məruz qaldığına da ehyam vurdu.

“Rafale” ilə yanaşı, Fransa və Serbi­ya arasında potensial strateji əməkdaşlığın başqa mühüm mövzusu da var. Söhbət ilk Serbiya atom elektrik stansiyasının fransız şirkətləri tərəfindən tikilməsi imkanından gedir. Belqradda bu mövzu da müzakirə olundu və hətta imzalanmış müqavilələrdən birində öz əksini tapdı, lakin bu məsələdə hələ irəliləyiş yoxdur. Bununla belə, Serbi­yada əksəriyyət bunun zaman məsələsi ol­duğuna inanır. Aleksandr Vuçiç artıq açıq şəkildə bəyan edir ki, Belqrad enerji sekto­rundakı problemləri, o cümlədən iri və ki­çik atom elektrik stansiyaları tikməklə həll etmək niyyətindədir. Bundan sonra iqtidar­yönlü Serb Tərəqqi Partiyası parlamentdə AES-lərin tikintisinə qoyulmuş 35 illik qa­dağanın götürülməsi təşəbbüsü ilə çıxış etdi. Belqradda şübhə etmirlər ki, bu qadağanın götürülməsi Fransa şirkətlərinin Serbiyaya yolunu açacaq.

Fransa ilə hərbi-texniki sahədə, gələcək­də isə nüvə enerjisində strateji qarşılıqlı fəa­liyyət artıq Belqrada real siyasi dividendlər gətirir. Belə ki, cənab Vuçiçin aprel ayında Parisə səfərindən sonra Belqrad gözlənil­məz siyasi dəstək almışdı: Kosovoya vəd edilmiş Avropa Şurasına üzvlük verilmədi. Belqrada hazırkı səfəri zamanı Makron da Kosovo probleminə Serbiyaya uyğun ya­naşma nümayiş etdirdi. Fransa prezidenti Belqradın 2023-cü ildə Avropa İttifaqının himayəsi altında Priştina ilə münasibətlərin normallaşdırılması haqqında sazişə münasibətini alqışladı. Baxmayaraq ki, Avropa İttifaqı Serbiyanın onun bir sıra əsas müddəalarına əməl et­mədiyini etiraf edir, Makron belə bəyant verməklə ölkəsnini maraqla­rını daha üstün tutduğunu göstərdi. Hətta Makron Priştinanın “pis siqnal göndərən” “birtərəfli addımların­dan” narahatlığını ifadə etdi, həm­çinin Belqradın uzun müddətdir və israrla dəstəklədiyi Kosovoda Serb Bələdiyyələri Birliyinin yaradılması təklifinə razılığını da təsdiqlədi.

Serbiya politoloqları bildirirlər ki, Fransa prezidentinin mövqe­yi və qırıcı təyyarələrinin alınması cənab Vuçiçə siyasi dividendlər gətirəcək. Belə ki, Aİ-nin aparıcı üzvlərindən birilə strateji müqavilələrin imzalanması və Ko­sovo məsələsilə bağlı serbyönümlü mövqe­yi Serbiya prezidentinin daxili siyasətinə qarşı müqaviməti zəiflədəcək və xaricdəki mövqelərini gücləndirəcək.

S.ELAY
XQ



Dünya