Avqustun 30-u Türkiyədə Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd olunur.
AZƏRTAC xəbər verir ki, 102-ci ildönümü tamam olan Zəfər Günü ilə əlaqədar dövlət bayramı münasibətilə qardaş ölkənin bütün vilayətlərində tədbirlər – yürüşlər, konsertlər, toplantılar, pilotların uçuşları təşkil olunur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dövlət və hökumət nümayəndələri Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edir, İstiqlal Savaşı qəhrəmanlarının xatirəsini yad edirlər.
Mustafa Kamal Paşanın komandanlığı ilə milli-azadlıq mübarizəsinə qalxan mətanətli türk xalqı 1921-ci ildə Sakaryanı qəhrəmanlıqla qoruyub. Sakaryada 22 gün döyüşən türklər avqustun 23-də düşmənin irəliləyişini dayandırıb və ona sarsıdıcı zərbələr vurublar. Bu savaşda türk ordusu böyük itki versə də geri çəkilməyib, cəsur türk zabitləri və əsgərləri dünya hərb tarixində qızıl hərflərlə qəhrəmanlıq dastanları yaradıblar. Sakarya savaşında türk ordusu çoxlu sayda zabit şəhid verdiyi üçün bəzən bu döyüşləri “zabitlər savaşı” kimi də adlandırırlar.
Sonra Mustafa Kamal Atatürkün komandanlığı altında türk ordusunun 26 avqust 1922-ci ildə Dumlupınarda başlayan hücumu dörd gün davam edib və xarici işğalçı qoşunların tam məğlubiyyəti ilə başa çatıb. Bu qələbə türk xalqının milli-azadlıq mübarizəsində dönüş nöqtəsi olub - xarici qüvvələr Türkiyə ərazisindən çıxarılıb və tezliklə Cümhuriyyət elan edilib.
Bu qələbədən sonra türk ordusu sentyabrın 9-da İzmiri azad edib.
Türkiyədə Zəfər Bayramı 1926-cı ildə dövlət bayramı kimi təsis edilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara