Özbəkistan və Rusiya Federasiyasının turizm idarələri əməkdaşlığın inkişafını, o cümlədən birgə investisiya layihələrinin həyata keçirilməsini davam etdirməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “TASS” agentliyi Rusiyanın Özbəkistanda ticarət nümayəndəliyinin mətbuat xidmətinə istinadla xəbər verir.
Mətbuat xidmətinin məlumatına görə, bir gün öncə Daşkənddəki ticarət nümayəndəliyi, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri və Özbəkistan Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişmələri Nazirliyinin nəzdində Turizm Komitəsi sədrinin birinci müavini Cəmşid Əbdüsalamov arasında işçi görüş keçirilib. Görüşdə turizm sahəsində əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.
Qeyd olunur ki, tərəflər turizm sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsini, o cümlədən iki ölkənin turizm operatorlarının qarşılıqlı səfərlərin koordinasiyasını və birgə investisiya layihələrinin həyata keçirilməsini müzakirə ediblər. Görüşdə həmçinin bildirilib ki, yaxın günlərdə respublikanın turizm potensialının təqdim edilməsi məqsədilə Özbəkistan nümayəndə heyəti Rusiya regionlarına səfər edəcək.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, son dörd ildə Rusiya turistlərinin Özbəkistana səfərlərinin sayı 10 dəfədən çox – 37 mindən 403 minədək artıb. Eyni zamanda 2023-cü ildə özbəkistanlılar Rusiyaya 800 mindən çox səfər ediblər, bu da 2022-ci ilin göstəricisindən iki dəfə çoxdur.