“İqlim böhranı və su qıtlığı Mərkəzi Asiyada ciddi problemlər yarada biləcək iki əsas məsələdir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kazinform agentliyinə müsahibəsində BMT-nin Baş katibi Antonio Quterreş deyib.
Onun sözlərinə görə, Qazaxıstan su qıtlığı probleminin həlli ilə fəal məşğul olsa da, hər bir dövlət qlobal problemin həllinə töhfəsini verməlidir. Quterreş iqlim böhranı də toxunaraq deyib:
“Bütün ölkələr gələn ilə qədər yeni milli fəaliyyət planları təqdim etməlidirlər ki, bu da uzunmüddətli qlobal istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq hədəfinə tam uyğun olsun. Bu planlar ən azı 2030-cu ilə qədər fosil yanacaq istehsalının və istehlakının 30 faizə qədər azaldılmasını əhatə etməlidir” - deyə, BMT-nin Baş katibi vurğulayıb.
Quterreş əmin olduğunu bildirib ki, Qazaxıstan enerji keçidində və bu il Azərbaycanda keçiriləcək Tərəflər Konfransında (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 nəzərdə tutulur) üzərinə düşən rolunun öhdəsindən layiqincə gələcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana