GƏNCƏ
Gəncədə 2 İyul – Azərbaycan Polisi Günü qeyd olunub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər Baş Polis İdarəsinin şəxsi heyəti iştirak etmişdir.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Gəncənin Baş meydanında ucaldılan abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
Gəncə Şəhər Baş Polis İdarəsində keçirilən toplantıda bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Dahi rəhbərin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra hüquq mühafizə orqanlarının işində dönüş yaranmış, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə güclənmişdir.
Ulu Öndərin əsasını qoyduğu siyasəti uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyev Azərbaycan polisinə xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı daim Azərbaycan polisinin maddi-texniki təchizatının, sosial təminatının yaxşılaşdırılması üçün müvafiq addımlar atır.
Çıxışlardan sonra şəhər icra hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən bir qrup polis əməkdaşı “Fəxri fərman”la təltif olunmuşdur.
GORANBOY
Goranboy Rayon Polis şöbəsində “2 iyul- Azərbaycan Polisi Günü” ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon polis şöbəsinin rəhbərliyi və polis əməkdaşları, eləcə də bir qrup ictimai fəal iştirak etmişdir.
Tədbirdə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubu oxunmuşdur. Prezident İlham Əliyevin ölkənin daxili işlər orqanlarında uğurla həyata keçirdiyi islahatlar və bu sahəyə göstərdiyi diqqət və qayğı barədə danışan rayon icra hakimiyyətinin başçısı Polisin peşə bayramı günü ilə bağlı rayon polis şöbəsinin rəhbər və bütün şəxsi heyətini təbrik etmişdir.
Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına DİN və rayon icra hakimiyyəti başçısının “Fəxri Fərman”ları təqdim edilmişdir.
NAFTALAN
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla anıblar.
Şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov tədbir iştirakçılarını 2 İyul-Azərbaycan Polisi Günü münasibətilə təbrik edib, ölkəmizdə sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və daxili sabitliyin qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu vurğulayaraq, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Azərbaycan polisinin keçdiyi şərəfli tarixi yola nəzər salaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda bütün sahələr, eləcə də daxili işlər orqanlarının fəaliyyəti daim diqqət mərkəzində saxlanılıb. Şəhər rəhbəri Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə ölkəmizdə əmin-amanlığın yüksək səviyyədə qorunub saxlanılmasında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolunun danılmaz olduğunu qeyd edib.
Sonra Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun daxili işlər orqanlarının şəxsi heyətinə və veteranlarına təbriki oxunub.
Xidmətdə fərqlənən şəhər polis şöbəsinin bir qrup əməkdaşına şəhər icra hakimiyyəti başçısının “Fəxri Fərman”ları təqdim olunub.
GÖYGÖL
Azərbaycan polisinin yaranmasının 106-cı ildönümü münasibətilə Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev, rayon Polis şöbəsinin rəisi Şəmşir Kazımov, hüquq-mühafizə orqanlarının digər rəhbərləri, Polis şöbəsinin şəxsi heyəti, şəhid ailələri, qazilər və müharibə veteranları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önümə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Sonra Göygöl şəhər Şəhidlər xiyabanında şəhid məzarları ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Göygöl Rayon İcra Hakimiyyətində keçirilən görüşdə bir qrup polis əməkdaşı xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə 2 İyul - Azərbaycan Polisi Günü münasibəti ilə Göygöl Rayon İcra hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə təltif olunublar.
Sonra tədbir Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.
SAMUX
Samux rayonunda Azərbaycan polisinin yaranmasının 106-cı ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Samux RİH-nin başçısı Firdovsi Əliyev, hüquq mühafizə oraqnlarının rəhbərləri, şəhid ailələri, icra hakimiyyətinin əməkdaşları, Samux Rayon Polis şöbəsinin işçiləri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Firdovsi Əliyev polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edib, çətin və şərəfli vəzifələrində onlara uğurlar arzulayıb.
Rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramil Səfərəliyev bildirib ki, polis əməkdaşları Azərbaycan qanunlarına, xalqa, Vətənə, ümummilli lider Heydər Əliyev ideyalarına daim sadiqdirlər.
Tədbirdə çıxış edən digər hüquq mühafizə orqanlarının rəhbərləri polis işçilərini peşə bayramları münasibətilə təbrik edib.
Sonda xidmətdə fərqlənən bir qrup polis işçisinə Samux Rayon İcra Hakimiyyətinin “Fəxri fərman”ları və qiymətli xatirə hədiyyələri təqdim olunub.
Hamlet Qasımov, XQ-nin bölgə müxbiri