Rusiyanın müdafiə naziri Andrey Belousov Silahlı Qüvvələrin Baş Qərargahına ABŞ-ın pilotsuz uçuş aparatları (PUA) ilə təxribatlarına operativ cavab tədbirləri ilə bağlı təkliflər verməyi tapşırıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir. Xəbəri “Anadolu” verib.
“Rusiya Müdafiə Nazirliyi Rusiya hədəflərinə zərbələr endirmək üçün Qərb dövlətləri tərəfindən Ukrayna silahlı qüvvələrinə verilən yüksək dəqiqlikli silahların kəşfiyyatını və hədəf təyinatını həyata keçirən ABŞ-ın Qara dəniz üzərində strateji pilotsuz uçuş aparatlarının uçuşlarının intensivliyini artırdığını qeyd edir. Bu, ABŞ və NATO ölkələrinin Ukraynadakı münaqişədə Kiyev rejiminin tərəfində artan iştirakına dəlalət edir”, - məlumatda bildirilir.
Nazirlik qeyd edib ki, “bu cür uçuşlar hava məkanında Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri ilə insidentlərin baş vermə ehtimalını xeyli artırır ki, bu da alyansla Rusiya Federasiyası arasında birbaşa qarşıdurma riski yaradır”.
“NATO ölkələri buna görə məsuliyyət daşıyacaqlar”, - deyə Müdafiə Nazirliyi yekunlaşdırıb.
P.ƏMİRCANOV
XQ