Culian Assanj azadlıqda

post-img

“WikiLeaks”in qurucusu ABŞ hakimiyyəti ilə sövdələşib

“WikiLeaks”in qurucusu Culian Assanj Britaniya həbsxanasından azad edilib və Avstraliyaya uçub. O, ittihamlardan biri üzrə özünü təqsirli bilməyə razılaşıb və ABŞ hakimiyyəti bunun üçün onun ekstradisiyasını tələb etməkdən imtina edib. Bir neçə il Ekvador səfirliyində gizlənən, sonra isə London yaxınlığındakı həbsxanada saxlanılan Assanj Amerika tarixində məxfi sənədlərin ən böyük sızdırılmasında ittiham olunurdu.

London Ali Məhkəməsi 2019-cu ildən bəri Belmarş həbsxanasında saxlanılan “WikiLeaks”in qurucusu Culian Assanjı zaminə buraxıb. “WikiLeaks”in nümayəndələri bildiriblər ki, o, həyat yoldaşı və uşaqlarının olduğu Avstraliyaya gedib. Təşkilat jurnalistin ABŞ prokurorluğu ilə sövdələşmənin bağlandığını təsdiqləyib. “Bu, mətbuat azadlığı müdafiəçiləri, qanunvericilər və BMT-yə qədər müxtəlif siyasi spektri təmsil edən liderləri əhatə edən qlobal kampaniyanın nəticəsidir. Bu, ABŞ-ın Ədliyyə Nazirliyi ilə uzunmüddətli danışıqlara şərait yaratdı və hələ rəsmi olaraq tamamlanmamış sövdələşməyə səbəb oldu. Biz ən qısa zamanda əlavə məlumat verəcəyik”, – ­“WikiLeaks”in X sosial şəbəkəsindəki məlumatda qeyd olunub.

ABŞ prokurorluğu ilə razılaşmanın bir hissəsi olaraq, medianın yazdığı kimi, Culian Assanj milli müdafiə ilə bağlı məlumat əldə etmək və açıqlamaq üçün sövdələşməyə getməkdə günahını qismən etiraf edib. Razılaşmaya görə, Culian Assanj casusluq ittihamı üzrə öz təqsirini etiraf etməsi müqabilində azad olunacaq. Assanj Marian adalarında, Qərbi Sakit okeanda yerləşən ABŞ mülkiyyətindəki federal məhkəmədə çərşənbə günü səhər saatlarında hakim qarşısında çıxış edəcək. Ehtimal olunur ki, iyunun 26-da Şimali Mariana adalarında (Filippin yaxınlığında Sakit Okeanın şərqində yerləşən ABŞ ərazisi) məhkəmə onun artıq Londonda dəmir barmaqlıqlar arxasında keçirdiyi müddəti 5 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası barədə qərar çıxaracaq. 

Bununla belə, Birləşmiş Ştatlarda heç də hamı “WikiLeaks”in qurucusu ilə Amerika prokurorluğu arasındakı sövdələşmədən məmnun deyil. Məsələn, ABŞ-ın sabiq vitse-prezidenti Mayk Pens bunu “silahlı qüvvələrimizin kişi və qadınlarının xidmətini və fədakarlığını rüsvay edən” “ədalət səhvi” kimi tənqid edib. Sabiq federal prokuror Nim Rahmani də narazılığını ifadə edərək deyib ki, Culian Assanjın gizli sənədlərin belə ciddi bir sızmasından sonra sərbəst buraxılması, çox güman ki, bir çox amerikalıya təsir göstərəcək. O mənada ki, bu hadisə kiməsə yeni ifşalar yaymağa ilham verə bilər.

“Beş ildən artıq bir müddət ərzində gündə 23 saat təcrid olunmuş iki-üç metrlik kamerada qaldıqdan sonra o, tezliklə həyat yoldaşı Stella Assanj və atalarını ancaq dəmir barmaqlıqlar arxasından tanıyan uşaqları ilə qovuşacaq”, – “WikiLeaks” bildirib. Onun həyat yoldaşı Stella Assanj isə ərinin azad edilməsi xəbərindən sonra əməyi keçən hər kəsə təşəkkür edib:  “Culian azaddır!!!! Sözlər sizə ən dərin minnətdarlığımızı ifadə edə bilməz - bəli, siz, bunu həyata keçirmək üçün illərdir fəaliyyət göstərdiniz. Çox sağ ol. Çox sağ ol. Təşəkkür edirəm”, – o, X səhifəsində yazıb. Stella deyib ki, uşaqlar atalarını hər zaman həbsxanada görüb və görüş çox vaxt bir saatla məhdudlaşıb. “Culianın ayağa qalxaraq həbsxanadakı mağazadan uşaqlarına şokolad almağa icazəsi belə yox idi”,- deyə o bildirib.

Jurnalistin gələcək planları ilə bağlı sualını cavablandıran Stella qeyd edib ki, bu barədə Culianla uzun danışmağa vaxtları olmayıb. Stella bildirib ki, onların əsas prioritetləri Culianın əvvəlki səhhətinə qayıtmasıdır. “O, beş ildir ki, çox dəhşətli vəziyyətdədir. Bizim üçün artıq yeni səhifə açmağın zamanıdır”, – deyə o vurğulayıb.  Stella Assanj qeyd edib ki, onlar Culian azad olunandan sonra Avstraliyada yaşamağı düşünürlər. 

“WikiLeaks” 2006-cı ildə Culian Assanj tərəfindən təsis edilmiş və məxfi məlumatların dərci üzrə ixtisaslaşmış vebsaytdır. İlk sənəd 2006-cı ilin dekabrında dərc edilib. Ancaq Assanj 2010-cu ildə Amerikanın iki Apaçi vertolyotu tərəfindən Bağdadda bir qrup mülki şəxsin atəşə tutulmasını əks etdirən videonun 2010-cu ildə “WikiLeaks” saytında yerləşdirilməsindən sonra beynəlxalq şöhrət qazanıb. Ölənlər arasında “Reuters” agentliyinin iki müxbiri də olub. Sayt daha sonra Amerikanın Əfqanıstan və İraqdakı hərbi kampaniyaları və amerikalı diplomatlar arasında yazışmalarla bağlı məxfi məlumatları ehtiva edən minlərlə fayl dərc edib. Sənədlər dünyanın aparıcı KİV-ləri tərəfindən yayılıb. Bundan sonra Birləşmiş Ştatlar jurnalisti məxfi məlumatı açıqlamaqda və onu əldə etmək üçün sövdələşməyə getməkdə ittiham edib. Bu ittihamlarla onu 175 il həbs cəzası gözləyirdi. 

S.ELAY 
XQ

 

Dünya