Ukrayna Prezidenti Volodimir Zelenski hərbi xidmətdən yayınanların cərimələrini artıran qanunu imzalayıb.
AZƏRTAC xəbər verir ki, yeni qanuna əsasən, hərbi xidmətdən yayılmaya görə cəzalar sərtləşdirilib.
Hərbi qeydiyyatda olmayan və ya vəsiqəsini vaxtında yeniləməyənlərin cərimələri bir neçə dəfə artırılıb. Yeni qanuna əsasən, sülh dövründə cərimə 3400-dən 5100 qrivnaya, müharibə dövründə və ya təkrar pozuntuya görə 17 mindən 25,5 min qrivnaya qədər çoxalıb.
Qeyd edək ki, əvvəllər bir il ərzində və ya xüsusi müddət ərzində təkrar pozuntulara görə cərimələr müvafiq olaraq 510-850 və 850-1700 qrivna arasında dəyişirdi.
Digər dəyişikliyə görə, çağırış vərəqəsindən imtina etmək və ya ərazi toplama mərkəzinə gəlməyən vətəndaşlar üçün 5100-dən 8500 qrivnaya qədər, vəzifəli və hüquqi şəxslər üçün 17 mindən 34 min qrivnaya qədər, müharibə dövründə vətəndaşlar üçün 17 mindən 25,5 min qrivnaya qədər, vəzifəli və hüquqi şəxslər üçün isə 34 mindən 59 min qrivnaya qədər cərimə tətbiq olunacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev