Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini dəstəkləyən hökumətyönlü mitinqdə Avropa İttifaqını suverenliyinə hörmət şərtilə Gürcüstanın bu il Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamağa çağırıb. Məlumatı “İnterfaks.ru” verib.
“Bir ölkə Aİ-yə üzv olduqda təkcə Aİ həmin ölkəni öz evinə buraxmır, həm də bu ölkə Aİ-ni öz evinə buraxır. Ona görə də Gürcüstan Avropa İttifaqından xahiş edir ki, biz bu evə girməzdən əvvəl suverenliyimizə və dəyərlərimizə hörmət etsin” – deyə Gürcüstanın Baş naziri bildirib.
O xatırladıb ki, Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayıb, amma Gürcüstan “demokratiya, qanunun aliliyi, insan haqları, institutların gücü, korrupsiyanın olmaması və iqtisadi inkişaf baxımından hər iki ölkədən bir boy üstündür”.
Bu arada, onun sözlərinə görə, müəyyən qüvvələr Gürcüstana deməyə çalışırlar ki, Gürcüstan yalnız dövlət suverenliyini və ənənəvi dəyərlərini qapı arxasında qoysa, mənəviyyatından, kilsə və imandan, demokratiya və qanunun aliliyindən, məhkəmənin müstəqilliyindən, Avropanın İkinci Dünya Müharibəsindən sonra müdafiə etdiyi bütün dəyərlərdən imtina edərsə, Aİ-yə qəbul oluna bilər”.
Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında hakim “Gürcü Arzusu” partiyasının təşkil etdiyi minlərlə nəfərlik mitinq keçirilir.
P.ƏMİRCANOV
XQ