Azərbaycan ABŞ-da keçirilən multikultural festivalda təmsil olunub

post-img

Azərbaycan Kaliforniyanın Mauntin Vyu şəhərində keçirilən mulktikulturalizm festivalında təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, iki ildən bir keçirilən və “Silikon Vadisi”ndə yaşayan fərqli millətlərin mədəniyyətlərini yerli ictimaiyyətə tanıtmaq üçün təşkil olunan festivala Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyəti (ACSNC) də dəvət edilib.

Festivalda ölkəmiz müxtəlif əl işləri, Azərbaycan mətbəxinə aid ləziz təamlar, milli musiqilər və folklor nümunələrini özündə əks etdirən stendlərlə təmsil olunub.

Qonaqların böyük marağına səbəb olan Azərbaycan guşəsində ölkəmizin adət-ənənələri, tarixi, coğrafiyası, milli yeməkləri haqqında ətraflı məlumat verilib. Həmvətənlərimiz ziyarətçilərə milli şirniyyatlarımızdan olan şəkərbura və paxlavanın bişirilməsi qaydasını təqdim ediblər. Qonaqlar ətirli Azərbaycan çayı və şirniyyatlarımızın dadından zövq alıblar. Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycan Gənclər Rəqs Ansamblının üzvlərinin səhnədə ifa etdikləri “Ağ çiçəyim”, “Nəlbəki”, “Yallı” rəqslərini qonaqlar böyük maraqla qarşılayıblar.

Qeyd edək ki, Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyəti (ACSNC) artıq 40 ildən çoxdur ki, fəaliyyət göstərir. Təşkilat Vətəndən uzaqda olan soydaşlarımız üçün mədəni və maarifləndirici tədbirlər təşkil etməklə, mədəniyyətimizi, tariximizi, irsimizi Amerika cəmiyyətində tanıtmaq missiyasını yerinə yetirir.







Sosial həyat