Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, 1915-ci ildə Osmanlı Türkiyəsindəki erməni soyqırımı travmasını aradan qaldırmaq və itirilmiş vətən axtarışlarını dayandırmaq lazımdır. Aprelin 24-də Ermənistan 1915-ci il soyqırımı qurbanlarını yad edir. Məlumatı “İnterfaks.ru” verib.
Paşinyan bu tarixlə bağlı müraciətində qeyd edib ki, “Birinci Dünya Müharibəsi zamanı böyük faciə baş verib və dövlətçiliyi olmayan, əsrlər əvvəl öz dövlətçiliyini itirmiş, dövlətçilik ənənəsini unutmuş, geosiyasi intriqaların və yalan vədlərin qurbanı olmuş erməni xalqı, ilk növbədə, dünyanı və onun qaydalarını özü üçün başa düşülə bilən siyasi ağıldan məhrum idi”.
Eyni zamanda, Paşinyan “soyqırım” ifadəsi ilə yanaşı, erməni dilindən “böyük qırğın” kimi tərcümə olunan “mets egern” ifadəsini işlədən ilk Ermənistan lideri olub. Bu termin əsasən erməni soyqırımını tanımayan ölkələr tərəfindən öz mesajlarında istifadə olunur. Türkiyə erməni soyqırımını tanımır, ölkələr arasında diplomatik əlaqələr yoxdur, lakin iki ölkənin xüsusi nümayəndələri münasibətlərin normallaşdırılması üçün danışıqlar aparırlar.
Paşinyan bildirib: “Mets egern” bizim üçün milli faciə və travmaya və mübaliğəsiz sosial psixologiyamızı müəyyən edən amilə çevrildi. Bu gün də biz dünyanı, ətrafımızı, özümüzü “mets egern” travmasının təsiri altında qavrayırıq və bunun öhdəsindən gələ bilmirik. Bu, o deməkdir ki, beynəlxalq səviyyədə tanınan dövlət olaraq biz tez-tez digər ölkələr və beynəlxalq ictimaiyyətlə travma vəziyyətində davranırıq, onlarla rəqabət aparırıq və bu səbəbdən bəzən reallıqlarla faktorları, tarixi prosesləri və proqnozlaşdırılan üfüqləri düzgün ayıra bilmirik”.
P.ƏMİRCANOV
XQ