İsrailin İranla “zərbə dialoqu”

post-img

Aprelin 10-da, gecə saat 4-də İsrailin qırıcı təyyarələri İranın 10-a yaxın hərbi obyektinə güclü hava zər­bələri endirib. ABC telekanalının bu barədə yaydığı məlumatda deyilir ki, İsrailin zərbələri “məhdud” xarakter daşıyır. İddia olunur ki, mülki və nüvə obyektləri yox, İranın hərbi obyektləri hədəfə alınıb.

Bir çox siyasi təhlilçilər hesab edirlər ki, İranda baş verən son partlayışlar ötən həftə sonu İranın hücumlarına İsrailin cavabıdır. Belə ki, aprelin 13-də axşam saatlarında İran hərbçiləri İsrailə pilot­suz təyyarələr və raketlər ataraq, bunu “çoxsaylı cinayətlərə”, o cümlədən İranın Dəməşqdəki səfirliyinin konsulluq bölmə­sinə edilən hücuma cavab adlandırıb. 

İran rəsmiləri İsrailin hava hücum­larını pisləməklə bərabər bildiriblər ki, “düşmənin bütün zərbələrinin qarşısı alınıb, heç bir yerdə, eləcə də İsfahan­da dağıntı yoxdur”. İsfahan vilayətində xidmət keçən briqada generalı Siyavuş Mihandust deyib: “Heç bir dağıntı və ya qəza baş verməyib. Hadisə heç bir ziyan vurmayıb”. 

İranın dövlət televiziyası isə bir neçə kiçik pilotsuz təyyarənin vurulduğunu bildirib. Bununla bərabər, İran rəsmilə­ri qeyd ediblər ki, Tehranın İsrailə qarşı “dərhal cavab tədbirlərinin görülməsi ilə bağlı planı” yoxdur. Vəziyyət xeyli mürək­kəb və müəmmalıdır. Tehranın İsrailin son hücumlarına cavab verib-verməyəc­yini demək çətindir. 

Yeri gəlmişkən, İsrail aviasiyasının dünən Suriyanın şimalındakı hava hücu­mundan müdafiə obyektlərinə də raket zərbələri endirib. Bildirilib ki, hava hü­cumlarına daha çox hökumətin nəzarə­tində olan ərazilər məruz qalıb. Nəticədə bir sıra infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Hələlik insan tələfatı barədə məlumat verilmir.

Bu arada “Böyük yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri aprelin 19-da İtaliyada keçirilən iclasda İsrailin İrana zərbələrindən sonra yaranmış vəziyyəti müzakirə ediblər. Kanadanın xarici işlər naziri Melani Joli “X” sosial şəbəkəsin­dəki hesabında qeyd edib ki, dünyanın ən zəngin 7 dövlətinin diplomatı tərəfləri regionda eskalasiyaya yol verməməyə çağırıb. 

Atom Enerjisi üzrə Beynəlxalq Agent­liyin (AEBA) rəhbərliyi də İsrail ilə İran arasında gərginliyin kəskin artmasından narahatdır. AEBA-nın direktoru Rafael Qrossi tərəfləri təmkinli olmağa çağırıb: “Nüvə obyektləri heç vaxt hədəf olmama­lıdır. Vəziyyəti çox diqqətlə izləyirik”. 

AEBA rəhbəri həmçinin ötən gecə baş verən hücumlar nəticəsində İranın nüvə obyektlərinə ziyan dəymədiyini təsdiqləyib. Bəllidir ki, İsrail İranın nüvə obyektlərini özünün milli təhlükəsizliyinə ciddi təhlükə hesab edir və onları məhv etməyə çalışır. 

Regionda gərginliyin pik nöqtəyə çatması rəsmi Ankaranı da narahat edir. öz növbəsində regionda gərginliyin art­masını yolverilməz hesab edir. Dünən Türkiyə XİN bu məsələ ilə bağlı bəyanat imzalayıb. Sənəddə deyilir ki, “İsrailin Dəməşqdəki İran səfirliyinin konsulluğu­na qanunsuz hücumu ilə başlayan gər­ginliyin daimi münaqişəyə çevrilmə riski var. Türkiyə hadisələri yaxından izləyir. Biz tərəfləri münaqişənin genişlənmə­sinə səbəb ola biləcək addımlardan çə­kinməyə çağırırıq”.

Bəyanatda həmçinin qeyd olunub ki, beynəlxalq ictimaiyyətin prioriteti Qəzza­da aylardır münaqişəyə son qoymaq və davamlı sülhü təmin etmək olmalıdır. 

Şahbaz ŞAMIOĞLU, 
Bakı Slavyan Universitetinin professoru

– İsrail ilə İran arasında gərginlik onillərdir ki, davam edir. Son aylar münaqişə barışmaz xarakter alıb və hətta ara-sıra baş verən hərbi qar­şıdurmaya çevrilib. Tərəflər bir-biri­ni düşmən kimi görür. Hər iki dövlət bir-birini açıq şəkildə məhv edəcəyini bildirir. Bu, çox təhlükəli vəziyyətdir. 

Məlumdur ki, İran iqtidarı İsraili Fələstində müsəlmanların hüquqları­nı pozmaqda günahlandırırlar və onu müstəqil Fələstin dövlətinin yaradıma­sına mane olmaqda suçlayırlar. Rəsmi Təl-Əviv isə Tehranın regionda terorçu qruplaşmaların arxasında durduğunu iddia edir və buna qarşı hər zaman qətiyyətlə mübarizə aparacağını bə­yan edir. 

Ötən il oktyabrın 7-də HƏMAS yaraqlılarının İsrail ərazisinə qəflətən hücum edərək təxminən 1200 dinc sa­kini qətlə yetirməsi və 250 şəxsi girov götürməsindən sonra, tərəflər arasın­da bugünədək davam edən və ağır zorakılıqlarla müşayiət edilən savaş başlayıb. Nəticədə Qəzzada böyük dağıntılar və canlı itkilər baş verib. 

Bildirək ki, İsrail təkcə HƏMAS-la deyil, Livanın cənubunda İranın nə­zarətində olan “Hizbullah” təşkilatı­na qarşı da mücadilə aparır. İsrail isə mütəmadi olaraq “Hizbullah”ın mövqelərini raket atəşlərinə məruz qoyur. “Hizbullah” da sakit durmur. 

Problemdən çıxış yolu nədir? Qeyd edək ki, bir çox regional və qlo­bal güclər, o cümlədən qardaş Tür­kiyə dövləti bölgədə sülhün və sabit­liyin bərqərar olunması üçün BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq Fələstin dövlətinin yaradılmasını zəru­ri hesab edir. 

Təəssüf ki, bir çox obyektiv və subyektiv səbəblər üzündən bu prob­lemi heç cür həll etmək mümkün ol­mur. Nəticədə hər iki tərəfdən günah­sız insanlar həlak olurlar. İsrail ilə İran arasında geniş böyük müharibənin başlanması təhlükəsi artır ki, azalmır. Bu, baş verərsə, müharibənin alovu qonşu dövlətlərə də yayıla bilər.

Məsaim ABDULLAYEV
XQ



Dünya