BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

post-img

Hindistan əhalisinin sayına görə dünyada liderlik edir. Hazırda ölkədə əhalinin sayı 1,442 milyard nəfər təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun hesabatında deyilir.

Çin 1,425 milyard əhalisi ilə ikinci yerdədir.

Fond Hindistan əhalisinin artımını ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması və ana ölümü səviyyəsinin azalması ilə əlaqələndirir. Hesablamalara görə, 1990-cı ildə dünyada ana ölümlərinin 26 faizi Hindistanın payına düşüb, 2020-ci ilə qədər bu rəqəm 8 faizə düşüb.

Hesabata görə, hazırda Hindistan əhalisinin 26 faizi 10-24 yaş arasındadır, gözlənilən ömür uzunluğu 2023-cü ildə doğulan kişilər üçün 71, qadınlar üçün isə 74 yaş hesab edilir.

2011-ci ildə aparılan son siyahıyaalmaya görə, Hindistanın əhalisi 1,21 milyard idi.

Bundan əlavə, ekspertlər bu əsrin sonuna qədər Çin əhalisinin 1 milyarddan aşağı düşə biləcəyini proqnozlaşdırırlar. Digər tərəfdən Hindistan əhalisinin növbəti bir neçə onillikdə artmağa davam edəcəyi gözlənilir.

Dünya