Onun fikrincə, ölkələr müxtəlif növ hərbi texnologiyalar üzrə ixtisaslaşmalıdırlar.
Almaniyanın ən böyük müdafiə podratçısı Rheinmetall-ın rəhbəri Armin Papperger Avropa ölkələrini ABŞ-ın rəqibləri ilə rəqabət aparmaq üçün daha böyük və daha ixtisaslaşmış müdafiə komandaları yaratmağa çağırıb. Bu barədə "Financial Times" yazır.
O, həmçinin hesab edir ki, Avropa daha sıx müdafiə sahəsində əməkdaşlıq istəyirsə, ölkələr müxtəlif növ hərbi texnologiyalar üzrə ixtisaslaşmalıdırlar. Armin Papperger düşünür ki, Avropaya böyük şirkətlər lazımdır.
Qeyd olunur ki, Aİ liderlərinin müdafiə sahəsində əməkdaşlığı gücləndirmək səyləri sənayenin pərakəndəliyi, dağınıqlığı səbəbindən dayanıb. Avropa silah şirkətləri bir-biri ilə rəqabət aparır, hərbi büdcələr milli səviyyədə idarə olunur və ayrı-ayrı ölkələr strateji təchizat zəncirlərinə, fabriklərə, iş yerlərinə və texnoloji üstünlüklərə nəzarəti saxlamağa çalışırlar.
Pappergerin sözlərinə görə, ABŞ seçkilərindən sonra Ağ Evə kimin gəlməsindən asılı olmayaraq, ölkənin hərbi gücünü bərpa etmək yarışı davam edəcək.
"ABŞ Avropadan çox Asiya-Sakit Okean regionuna diqqət yetirir. Əgər regionda çox riskli vəziyyət genişmiqyaslı silahlı münaqişəyə səbəb olarsa, ABŞ bütün diqqətini Asiyaya yönəldəcək, sonra isə Avropa tamamilə tək qalacaq”,- "Rheinmetall"ın rəhbəri deyib.
Financial Times-ın yazdığına görə, son onilliklərdə Avropa liderləri ABŞ-ın hərbi təhlükə yarandığı təqdirdə qitənin köməyinə gələcəyini təbii qəbul ediblər, lakin Pepperger əmindir ki, “artıq bu olmayacaq”.
O, həmçinin qeyd edir ki, Rusiyanın 2022-ci ildə Ukraynaya tammiqyaslı hərbi müdaxiləsindən sonra "Rheinmetall"ın səhmlərinin qiyməti beş dəfədən çox artıb və şirkət NATO üzvləri və müttəfiqlərindən 2024-cü ilin sonuna qədər 60 milyard avro dəyərində sifariş alacağını gözləyir.
S.ELAY
XQ