Sabah Türkiyədə keçiriləcək yerli özünüidarə orqanlarına seçkilərlə əlaqədar ölkə ərazisində bir sıra qadağalar tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, səsvermə günü saat 06:00-dan 00:00-dək ölkənin hər yerində səbəbindən asılı olmayaraq spirtli içkilərin satışı və istifadəsi qadağan edilib.
Gün ərzində internet-kafe, çay evləri kimi əsasən kişilərin sıx toplandığı yerlər fəaliyyət göstərməyəcək, əyləncə müəssisələrində isə sadəcə yemək veriləcək.
Seçki günü Türkiyənin bütün media qurumlarına da müəyyən qadağalar tətbiq ediləcək. Belə ki, martın 31-i saat 18.00-dək seçki və onun nəticələri ilə bağlı hansısa xəbər və şərh verməsi qadağan edilib. Media saat 18.00-dan 21.00-dək yalnız Türkiyə Yüksək Seçki Komissiyasının (YSK) seçki ilə bağlı verəcəyi xəbər və bildirişləri yayımlaya biləcək. Yerli Media saat 21.00-dan etibarən sərbəst yayıma keçəcək. Yalnız zərurət yarandığı təqdirdə YSK-nın qərarı ilə saat 21:00-dan əvvəl yayım sərbəstliyinə icazə verilə bilər.