Çin və ABŞ arsenallarını yeniləyirlər

post-img

İki supergüc Tayvan uğrunda döyüşə hazırlaşır?

ABŞ Hərbi Hava Qüvvələri yeni hipersəs raketini sınaqdan keçirib. Buraxılış Quam adasından “B-52” bombardmançı təyyarəsi tərəfindən həyata keçirilib və hədəf Marşal adalarında olub. Mütəxəssislər qeyd edirlər ki, Sakit Okeanda keçirilən sınaqlar Vaşinqtonun Tayvan üzərində Çinlə müharibə olacağı təqdirdə getdikcə daha çox vəsait ayırmaq niyyətini nümayiş etdirir. Pekinin cavabı “DF-17” hipersəs raketləri və digər sistemlər oldu. Çin prezidenti Si Cinpin ABŞ-ın biznes kapitanları ilə görüşündə Vaşinqtonla sabit münasibətləri saxlamağa söz versə də, əslində, Tayvan uğrunda döyüşə hazırlığın davam etdiyi iddia olunur. 

“Lockheed Martin” hipersəs raketini tez bir zamanda ABŞ Hərbi Hava Qüvvələrinə çatdırmağa hazır olduğunu bildirib. “Janes” hərbi kəşfiyyat şirkətinin rəhbəri Kostas Tiqkos deyir ki, həm ABŞ, həm də Çin hədəflərə daha sürətli çata bilən və düşmən müdafiəsinə nüfuz edən silahlara getdikcə daha çox pul xərcləyirlər. Üstəlik, çinlilər də amerikalılar kimi Ukraynadakı döyüşlərin dərslərini, xüsusən də Rusiyanın “Kinjal” və “Zirkon” raketlərindən istifadəsini nəzərə alırlar.

Digər tərəfdən, Qərb ekspertləri iddia edirlər ki, ultra-müasir döyüş vasitələrinə olan məftunluq qoşunları cavab zərbələri qarşısında daha həssas edə bilər. Bu, Çində nəzərə alınır. Onlar istisna etmirlər ki, Tayvanı ilhaq etmək əməliyyatı 2027-ci ildə və ya bir qədər sonra baş tuta bilər. Buna görə də adi silah donanması təcili olaraq yenilənir. Xüsusilə “Z-21” adlı yeni döyüş helikopteri istifadəyə verilir. Onun şəkli sosial şəbəkələrdə yayılıb.

Helikopter “Z-20” döyüş maşınının ilkin versiyasına bənzəyir, lakin gövdəsi daha kiçikdir. “Z-20” Amerikanın “Sikorsky UH-60 Black Hawk” helikopterinin versiyası hesab olunur. Yeni helikopter ABŞ-ın ən müasir döyüş helikopteri olan “AH-64 Apache”yə bənzəyir. İki nəfərlik “Z-21” təyyarəsi Szyansi əyalətində fəaliyyət göstərən “Changhe Aircraft Industries Corporation” tərəfindən hazırlanır.

Cənubi Koreyanın Hərbi İşlər İnstitutunun tədqiqatçısı Yoon Suk Jun hesab edir ki, “Z-20” və “Z-21” hilekopterləri dağlarda fəaliyyət göstərən quru qoşunları üçün nəzərdə tutulub. Avstraliyanın Strateji Siyasət İnstitutunun baş analitiki Malkolm Davis isə düşünür ki, çinlilər “Z-21”-dən amerikalıların ən son “Apache” modelindən istifadə etdiyi kimi istifadə edə bilərlər. O, döyüş pilotsuz təyyarələrinə nəzarət edir, lakin özü döyüşdə iştirak etmir. Bununla belə, Çin və ABŞ arasında hərbi sahədə üstünlük uğrunda rəqabətdə şərhçilərin bəzən ordunun yeni qolu adlandırdıqları Strateji Dəstək Qüvvələri (SDQ) böyük rol oynayır. “South China Morning Post”un məlumatına görə, bu qoşunlar 2015-ci ildə yaradılıb. Onlar kosmosda, kiberməkanda, elektromaqnit sferasında müharibə və düşmənə psixoloji təsir göstərmək üçün nəzərdə tutulub.

Corctaun Universitetinin tədqiqatçısı Sam Bresnik iddia edir ki, SDQ-lar yeni texnologiyaların, xüsusən də süni intellekt sahəsində istifadənin koordinasiyası üçün nəzərdə tutulub. Ukraynadakı döyüş təcrübəsini nəzərə alan çinlilər sülh dövründə müxtəlif qoşun növləri üçün birgə əməliyyatlar təcrübəsini mənimsəməyin nə qədər vacib olduğunu başa düşürlər. Buna görə də SDQ Şərq Teatrı Komandanlığı, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Raket Qüvvələri ilə birlikdə 2022-ci ilin avqustunda ABŞ Konqresinin Nümayəndələr Palatasının o zamankı sədri Nensi Pelosinin adaya səfəri zamanı Tayvan ətrafında genişmiqyaslı təlimlər keçirmişdi. 

ABŞ-da Çinlə qarşıdurmada nüvə arsenalına da yeni “nəfəs” vermək barədə düşünürlər. By yaxlnlarda “Newsweek” jurnalı ekspertlərə istinadən məlumat yaymışdı ki, ABŞ ordusu Rusiya və Çinin mümkün əks reaksiyasına hazır olmaq üçün nüvə arsenalını yeniləməlidir. Məqalədə Rusiya və Çinin hərbi baxımdan aktiv inkişafı ilə bağlı dərin narahatlıq ifadə edilir. Nəşrin hərbi analitikləri Pentaqonu “köhnəlmiş nüvə silahlarının” modernləşdirilməsinə kifayət qədər vəsait ayırmağa çağırırlar. Amerika Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş elmi işçisi Hizer Uilyam jurnala bildirib ki, əgər Vaşinqton həqiqətən də rəqiblərilə rəqabət aparmaq istəyirsə, qərarları dünən qəbul etməli idi. O, ABŞ üçün müasir nüvə arsenalının formalaşmasında “növbəti beş ili” həlledici hesab edir.

Məqalədə bildirilir ki, yaxın 10 ildə Birləşmiş Ştatlar raketlərin əsas təkmilləşdirməsini həyata keçirəcək və bu, 2075-ci ilə qədər döyüş qabiliyyətini təmin edəcək. Eyni zamanda, H.Uilyamsın fikrincə, Birləşmiş Ştatların, məsələn, ABŞ-ın arsenalına uyğun nüvə üçlüyü yaratmaq niyyətində olduğu iddia edilən Çinə münasibətdə necə hərəkət edəcəyi ilə bağlı “aydın strategiyası yoxdur”. RAND Corporation analitik mərkəzinin baş politoloqu Karl Mueller isə hesab edir ki, son bir neçə ilin geosiyasi vəziyyəti ABŞ üçün nüvə çəkindirməsinin əhəmiyyətini kəskin şəkildə artırır. ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının baş müdir müavini Frenk Rouz isə martın 13-də bildirmişdi ki, Vaşinqton dəyişən təhlükəsizlik çağırışlarına cavab vermək üçün nüvə arsenalını genişləndirməyi düşünür, lakin yekun qərar hələ yoxdur. Belə görünür, ABŞ-Çin qarşıdurması nüvə silahlanmasını da sürətləndirəcək.

S.ELAY

XQ

Dünya