“Politico” qəzeti mənbələrə istinadən xəbər verir ki, fermerlərin kütləvi tətilləri fonunda Avropa İttifaqının hakimiyyət orqanları Ukraynanın birliyə qoşulması üçün növbəti addımları müzakirə etməyə hazır deyil. Onların fikrincə, Aİ iyuna planlaşdırılan Avropa Parlamentinə seçkilərdən sonra genişlənməyə qayıtmağı planlaşdırır.
“Düzünü deyək: Avropa seçkiləri öncəsi heç kim bu (genişlənmə – red.) haqqında danışmaq istəmir. Avropalı fermerlər üçün subsidiyaların azaldılması haqqında danışmaq sizin seçki şüarlarınıza daxil etmək və ya ifrat sağçılar üçün seçki sursatı kimi istifadə etmək istədiyiniz bir şey deyil”, - adının açıqlanmasını istəməyən bir Avropa rəsmisi qəzetə deyib.
Qəzetin yazdığına görə, avropalı siyasətçilər indi ucuz taxılla ukraynalı həmkarlarına görə “uduzmuş vəziyyətdə qalan” fermerlərə güzəştə gedirlər. Fermerlər, həmçinin Brüsseldə yanacağın qiymətinin artması və ətraf mühitlə bağlı qaydalardan narahatdırlar.
Eyni zamanda, ikinci müddətə namizəd olmaq niyyətində olan Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayen Avropa İttifaqını Ukraynanın daxil olmasına hazırlayacağına söz verib. Ən aşağı ÜDM-dən birinə malik olan blokun ən böyük ölkəsinə çevriləcək Ukraynanın daxil olması üçün yeddi il ərzində Avropa İttifaqından 186 milyard avro tələb olunacağı proqnozlaşdırılır. Həmçinin, təxminən 44 milyon əhalisi olan bir ölkə (2022-ci ilin əvvəlinə) Aİ-nin siyasi qərarlarına güclü təsir göstərə biləcək. Blokun bu cür genişlənməsi Aİ ölkələrinin “daha çox ödəyəcək və daha az alacağı” anlamına gələcək. “Avropalı fermerlərin eşitmək istədikləri bu deyil”,- deyə qəzet əlavə edib.
Xatırladaq ki, Ukrayna 2022-ci il fevralın 28-də Avropa İttifaqına üzv olmaq üçün ərizə təqdim edib. 2023-cü ilin iyununda ölkə namizəd statusu alıb. Həmin il dekabrın 14-də Avropa İttifaqı ölkələrinin liderləri Ukrayna və Moldovanın birliyə daxil olması ilə bağlı rəsmi danışıqlara başlayıblar.
S.ELAY
XQ