Gimnastlarımızdan daha bir uğurlu çıxış

post-img

İdman gimnastikası üzrə millimiz daha bir beynəlxalq turnirdə uğurla çıxış edib. Bakıda 2 gün davam edən “AGF Trophy” beynəlxalq turnirində ölkəmiz böyüklər, gənclər və yeniyetmələr arasında 22 idmançı ilə təmsil olunub. 

Əvvəlcə çoxnövçülük proqramında və komanda hesabında qaliblər müəyyənləşib. Böyüklər arasında komandamızın üzvü İvan Tixonov qızıl, Nazənin Teymurova gümüş, Rəsul Əhmədzadə bürünc medal qazanıb. Gənclər arasında Xədicə Abbaszadə və Aydın Əlizadə bürünc medallara sahib olublar. Yeniyetmələr arasında İlham Salayev və Leyla Məmmədzadə gümüş, Hüseyn Qəhrəmanov və Albina Aliyeva bürünc medal əldə ediblər.

Komanda hesabında yeniyetmələr arasında kişilərdən ibarət yığmamız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu yaş qrupu üzrə qadınlardan ibarət komandamız da eyni uğura imza atıb. Azərbaycanın böyüklər və gənclərdən ibarət komandası (kişilər), eləcə də gənclərdən ibarət qadın komandamız ikinci pillədə qərarlaşıb. 

Yarışın sönuncu günündə isə gimnastlar ayrı-ayrı alətlər üzrə final mərhələlərində məharətlərini nümayiş etdiriblər. 

Böyüklər arasında millimizin üzvləri Nazənin Teymurova qızıl (gimnastika tiri, sərbəst hərəkətlər, dayaqlı tullanma) və bürünc (müxtəlif hündürlüklü qollar), Nikita Simonov qızıl (halqalar), İvan Tixonov qızıl (dəstəli at, paralel qollar), gümüş (turnik) və bürünc (halqalar) medallara sahib olublar. Onların komanda yoldaşları Mənsum Səfərov qızıl (turnik), Rəsul Əhmədzadə qızıl (sərbəst hərəkətlər), gümüş (dəstəli at) və bürünc (paralel qollar), Murad Ağarzayev gümüş (sərbəst hərəkətlər) medal qazanıblar.   

Gənclər arasında komandamızın üzvləri Aydın Əlizadə qızıl (dayaqlı tullanma, sərbəst hərəkətlər), gümüş (halqalar) və bürünc (dəstəli at, paralel qollar), Dəniz Əliyeva gümüş (dayaqlı tullanma), Xədicə Abbaszadə bürünc (sərbəst hərəkətlər) və Nihat Muradlı bürünc (turnik) medallara sahib oldular.

Yeniyetmələr arasında komandamızın üzvü İlham Salayev (paralel qollar, halqalar) birinci yeri tutub. Komandamızın digər üzvləri Albina Aliyeva qızıl (gimnastika tiri), gümüş (sərbəst hərəkətlər, dayaqlı tullanma) və bürünc (müxtəlif hündürlüklü qollar), Məhəmməd Rüstəmzadə qızıl (turnik), Emin Xankişiyev gümüş (dəstəli at) və bürünc (turnik) mükafatlara layiq görülüblər. Hüseyn Qəhrəmanov (gümüş, paralel qollar), (bürünc, dəstəli at, halqalar), Leyla Məmmədzadə (gümüş, müxtəlif hündürlüklü qollar), Məhəmməd Rüstəmzadə (gümüş, sərbəst hərəkətlər), Aynaz Məcidzadə (bürünc, sərbəst hərəkətlər) və Emin Xankişiyev (bürünc, sərbəst hərəkətlər) uğurla çıxış edərək fəxri kürsüdə yer alıblar. 

Yarışda Azərbaycan komandası ilə yanaşı, Qazaxıstan, Ukrayna, Özbəkistan, Gürcüstan yığmalarını təmsil edən 90-dək idmançı qüvvəsini sınayıb.

L.QURBANOVA

XQ



İdman